Bu il Azərbaycan Milli Xalça Muzeyi üçün bir çox önəmli hadisələrlə yadda qaldı.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu il mədəniyyət ocağı 122 min 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub.
Builki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Qeyd edək ki, muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Muzeyin uğurlu təcrübəsi xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.
