Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr), ən hündür dağ gölü olan Tufangöl (4191 metr), ən hündür şəlaləsi olan Mucux şəlaləsi (96 metr) Qəbələdə yerləşir.
600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində Azərbaycanın paytaxtı Bakıdan 250 km məsafədə yerləşir. Nadir təbii iqlim şəraiti, mineral bulaqları ilə seçilən Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. İqlimi – Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli, illik yağıntı cənubda 500-600, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrədək olur. Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.
- Çayları – (Dəmiraparançay, Türyançay və onların qolları Tikanlıçay, Bum çay, Vəndam çay və s.)
- Şəlalələri – ( Mucux şəlaləsi, Yeddi gözəl şəlaləsi və s.)
- Meşə örtüyü – ( rayonda 60 min ha sahə meşə ilə örtülüdür və meşələr əsasən fıstıq, palıd, vələs, ardıc və s. ağaclarından ibarətdir )