Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib. Bu da 2018-ci illə müqayisədə 66.8 faiz artım deməkdir.
Ləki-Qəbələ dəmir yolu regionun turizm potensialının daha da inkişafına böyük təkan verəcək
Qırx üç kilometrlik Ləki-Qəbələ dəmir yolu təkcə Qəbələnin deyil, bütün regionun turizm potensialının daha da inkişafına böyük təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Səbuhi Abdullayev çıxışında bildirib ki, bu gün rayonda təqribən 2500 yerlik 16 otel və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir. Ötən il bu müəssisələrdə 186 mindən çox yerli və əcnəbi turistlərə xidmət göstərilib. Təqribən bir o qədər də turist fərdi evlərdə qalıb. Gələn turistlərin 65 faizi, yəni, 121 min nəfəri dünyanın 45 ölkəsinin vətəndaşlarıdır.
Təkcə ötən il yerli əhəmiyyətli iki avtomobil yolu tikilərək istifadəyə verilib, 20 mindən çox əhalisi olan 10 yaşayış məntəqəsinin rayon mərkəzinə olan məsafəsini 25 kilometr qısaldacaq Bum çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. 25 kilometrlik Əmirvan-Seyidqışlaq-Vəndam avtomobil yolunun tikintisi üçün hazırlıq işləri aparılır.
FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir”.
Bu barədə “Report”a FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib.
O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir: “İlk növbədə, layihənin icrası ilə bağlı ilkin qiymətləndirmələr aparılmalıdır. Layihənin tərkib hissəsinə qida israfçılığının qarşısının alınmasında müasir standartın tətbiqi kimi məsələlər daxildir. Qida artıqlarının bioqaza dönüşdürülməsi (müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir) heyvanlar üçün yemə çevrilə bilər”.
K.Başaran bildirib ki, Türkiyə hökuməti ilə FAO-nun tərəfdaşlığı çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün proqramı var: “Sözügedən layihə həmin proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur”.
İran saytında “Gəzməli və görməli şəhər – Bakı” sərlövhəli məqalə yayımlanıb
İranın “kahabar onlayn.ir” saytında “Gəzməli və görməli şəhər – Bakı” sərlövhəli məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakının gözəlliyi və azərbaycanlıların qonaqpərvərliyinə geniş yer verilib. Qeyd olunub ki, Bakı qədimliklə müasirliyi özündə birləşdirən gözəl şəhərdir. Burada möhtəşəm konsert salonları və kinoteatrlar var. Bu salonlarda dünyanın müxtəlif ölkələrindən qastrola gələn məşhur müğənnilər konsert proqramları ilə çıxış edirlər.
Qədim tarixə malik olan şəhərdə çoxsaylı tarixi binalar var ki, bunlarda xüsusi maraq kəsb edir. Bakının yaxınlığında isə Qobustan qəsəbəsi yerləşir. Buradakı qaya üzərindəki rəsmlər min illər əvvəl çəkilib və onu deməyə əsas verir ki, burada çox qədim zamanlarda da insanlar məskən salıblar.
Şəhərin qurulmasında müasirliyə də böyük üstünlük verilib. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, müxtəlif ticarət mərkəzləri və otellər yeni üslubda tikilib və böyük marağa səbəb olur.
Məqalədə Azərbaycanın post-sovet məkanının ən inkişaf edən ölkə olması da vurğulanıb.
2020-ci il üçün lüks səyahət trendləri açıqlanıb
“Small Luxury Hotels of the World” şirkəti 2020-ci il üçün “Luxury Travel Trends” adlı hesabatını yayımlayıb.
AZƏRTAC xəbər verir ki, hesabat altı punkt üzrə hazırlanıb. Belə ki, hesabatda memarlıq, ətraf aləmi qoruma prinsipləri, plastik tullantıların az olduğu, ekoloji təmiz yeməklər təqdim edən otellərə xüsusi üstünlük verilib. Habelə otelin isinmə və yemək hazırlanmasında karbon istiliyindən (kömürdən) istifadə olunmaması da əsas punkt kimi götürülüb.
Sözügedən hesabatda Bakıdakı “Dinamo Hotel Baku” da yer alıb. Bu məkan dünya turizminin yeni istiqaməti kimi göstərilən Azərbaycanın ən yaxşı butik oteli olaraq siyahıya salınıb. Göstərilib ki, özündə Avropa və Asiyanın möcüzələrini ehtiva edən Azərbaycan turistlər üçün yenilikləri kəşf etmə ölkəsidir.