Ev Blog Səhifə 79

Bakıda gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib

0
şirniyyat festivalı

Yanvarın 29-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların üçüncü Şirniyyat Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, 2016-cı ildən fəaliyyət göstərən mərkəzdə müxtəlif ixtisaslar üzrə kadrlar yetişdirilir. Bu illər ərzində mərkəz müxtəlif nailiyyətlərə imza atıb. Mərkəz turizm və qonaqpərvərlik üzrə tələbələr yetişdirir. Son zamanlarda aşpaz və şirniyyatçı ixtisasları açılıb. Tələbələrə müasir təhsil şəraitinin yaradılması məqsədilə mərkəzə müxtəlif avadanlıqlar gətizdirilib. Peşə təhsilinin keyfiyyətinin artırılması məqsədilə peşəkar aşpazlar tərəfindən təlimlər keçirilib, ən yaxşı tələbələr sertifikatlarla təltif olunublar.

Qeyd edib ki, müxtəlif ölkələrdə təlimlər təşkil olunur, festivallar keçirilir və mərkəz bu yarışmalarda uğurla çıxış edirlər.

Peşə Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aygün Zülfüqarova bildirib ki, turizmin inkişafında kulinariyanın rolu əvəzsizdir. Turistləri ən çox öz gözəlliyi ilə Azərbaycan mətbəxi cəlb edir. Peşə təhsili arasında aşpazlıq ixtisasına yiyələnənlər nəzərəçarpacaq dərəcədədir. Bildirilib ki, bu cür müsabiqələr aşpazlar arasında rəqabət hissini qaldırır, onların peşəkar kimi yetişməsinə kömək edir.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edərək deyib ki, blogerlərin mətbəxlə bağlı yaydıqları məlumatlar çox zaman yanlış olduğundan buna qarşı mexanizmlər işlənib hazırlanmalıdır. Eyni zamanda, blogerlər assosiasiyasının tərkibində ədviyyatsevərlər klubunun yaradılması məsələsinin vacibliyi vurğulanıb. Klubun yaradılması səsverməyə qoyulub. Səs çoxluğu ilə klub yaradılıb.

Tədbirdə kulinariya elminə status verilməsi, mətbəx muzeyinin yaradılması, İdarə Heyətinin seçilməsi və digər məsələlər müzakirə olunub.

Sonra forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Sonra Naxçıvan Milli Kulinariya Mərkəzinin nümayəndəsi, Milli Kulinariya Assosiasiyasının Qəbələ, Gəncə, Ağstafa, İsmayıllı, Masallı, Kəlbəcər, Şuşa, Sumqayıt və başqa regionların nümayəndələri çıxış ediblər.

Festivalda gənc aşpazların bişirdiyi şirniyyatlara baxış keçirilib.

Yarışmanın sonunda qaliblər sertifikatlarla mükafatlandırılıb.

Turizm subyektləri üçün qiymətləndirmə – reytinq modulu fəaliyyət göstərəcək

0
turizm

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm Reyestrinin aparılma Qaydası” zəruridir.

Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehtiva edəcək. Turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.

Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək. Həmçinin turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək.

İnteraktiv portalda turizm subyektləri üçün qiymətləndirmə – reytinq modulu fəaliyyət göstərəcək. Modul əsasında turizm subyektlərinin təqdim etdiyi məlumatlar əlaqədar qurumların informasiya sistemləri ilə yoxlanılıb qiymətləndiriləcək. Reytinq cədvəli hazırlanacaq, beləliklə, onların daha yaxşı xidmət göstərməsi təşviq ediləcək.

Rusiya aviaşirkəti koronavirus səbəbiylə Avropaya uçuşları dayandırdı

0
Rusiya

“Ural Hava Yolları” koronavirus səbəbiylə bir sıra Avropa ölkələrinə birbaşa uçuşları dayandırıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət uçuşların çətin epidemioloji vəziyyətə, ÇXR və Rusiya Federal Turizm Agentliyinin(“Rosturizm”) səlahiyyətliləri tərəfindən çin və rus turistlərin səfərlərinə məhdudiyyət qoyulması səbəbiylə dayandırıldığını bildirib.

Bildirilir ki, bu qərar Çindən çox sayda mütəşəkkil turist qrupunun yerləşdiyi istiqamətlərə (Yekaterinburq – Münhen, Yekaterinburq – Paris, Yekaterinburq- Roma) təsir göstərəcək.

Bundan əvvəl, yanvarın 27-də aviaşirkət Çindəki rusların sevimli istirahət mərkəzi sayılan Haynan adasına uçuşları dayandırmışdı. Söhbət Yekaterinburq və Tümendən uçuşlar barədə idi. Uçuşların epidemioloji vəziyyət normallaşdıqdan sonra bərpa olunacağına söz verilib.

Qeyd edək ki, ÇXR Dövlət Səhiyyə Komitəsinin yanvarın 29-na olan məlumata görə, hazırda ölkədə 5974 təsdiq edilmiş koronavirus hadisəsi qeydə alınıb, 132 nəfər ölüb.

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında yer alıb – FOTO

0
funikulyor

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub.

“Report” xəbər verir ki, bunu “Fodors Travel” turizm şirkətinin reytinqi göstərir.

funikulyor

Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub. Bu funikulyor saatda iki min sərnişin daşıya bilər.

İkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda təpəsində olan funikulyor qərarlaşıb. Qeyd edək ki, bu funikulyor Avropada ikinci tikilib.

funikulyor

Üçüncü yerdə 1875-ci ildə Türkiyədə açılan yeraltı Tunel funikulyoru, dördüncü sırada isə 1905-ci ildə tikilmiş Kiyev funikulyoru dayanır.

1960-cı ildə tikilmiş və 2012-ci ildə tamamilə yenidən təmir edilmiş Bakı funikulyoru isə 5-ci sırada qərarlaşıb. O, reytinqdə göstərilən digər funikulyorlarla müqayisədə ən müasirdir. Azərbaycanda yeganə olan bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır.

Reytinqdə həmçinin Fransanın Trepo, Lion, Çexiyanın Petrin, Portuqaliyanın Lissabon, İsveçrə Quttanen şəhərlərində yerləşən funikulyorlar da yer alıb.

Koronavirusla əlaqədar Azərbaycanla Çin arasında turist mübadiləsi azalıbmı? – ARAŞDIRMA

0
turizm

Son günlər Çində yayılmış və bir neçə insanın ölümünə səbəb olan epidemiya ilə dünya ölkələrində də bir təlatüm meydana gəlib. Xüsusilə, Çinlə həmsərhəd olan ölkələr koronavirusdan qorunmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıblar. Bunlardan biri də, bir sıra ölkələrin Çinlə aralarında olan turist mübadiləsini məhdudlaşdırmaları, gediş-gəlişləri təxirə salmalarıdır. Məsələn, Gürcüstan bu günlərdə Çindən həyata keçirilən bir sıra reysləri təxirə salıb. Filippin Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb. Rusiya və Gürcüstan koronavirusa görə vətəndaşlarını Çindən təxliyyə edib. Rusiya, eyni zamanda, Çindən turist qruplarının qəbul edilməsini dayandırıb.

“Report” Çində baş verən məlum hadisələrin Çindən Azərbaycana, eyni zamanda ölkəmizdən Çinə gedən turist sayına necə təsir göstərdiyini, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası və turizm şirkətlərinin baş verən proseslərlə əlaqədar hansı addımlar atdığını, Azərbaycanla Çin arasında turların və biletlərin ləğv edilib-edilmədiyini araşdırıb.

Azərbaycan Turizm Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov “Report”a bildirdiyinə görə, Çinlə Azərbaycan arasında turist mübadiləsində azalmalar müşahidə olunmayıb:

“Biz Assosiasiya olaraq həm Çindən Azərbaycana turist gətirən, həm də Azərbaycandan Çinə turist aparan şirkətlərə diqqətlə davranmaları ilə bağlı xəbərdaredici və tövsiyyə xarakterli məlumat vermişik. Lakin bu istiqamətdə hər hansı bir qadağanedici xəbərdarlıq olunmayıb. Hazırda yanvar ayının dəqiq statistikası əlimizdə yoxdur. Ümumilikdə turizm şirkətlərinin monitorinqinə əsasən deyə bilərik ki, onların fəaliyyətində Çinlə bağlı heç bir azalma müşahidə olunmayıb. Şirkətlər yenə də əvvəlki templə bi istiqamət üzrə fəaliyyətlərini göstərirlər. Sadəcə daha diqqətli olmağa başlayıblar. İndi ümumi proseslərin gedişatından asılı olaraq, Çin ərazisində bu daha geniş vüsət alarsa biz də xəbərdarlıq və ya tövsiyyə xarakterli müraciətləri artıracağıq. Ümumi proses bizim nəzarətimizdədir. Hələlik isə şirkət və operatorlara sadəcə xəbərdarlıq edilib və diqqətli olmaları tapşırılıb. Hazırda Azərbaycandan Çinə və Çindən də Azərbaycana turist axını yenə həmişəki qaydada davam edir.


Mövcud hadisələrlə əlaqədar AZAL-dan martın 28-nədək Çinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəkləri bildirilib. Lakin Assosiasiyaya üzv olan turizm şirkətlərindən hələ ki, biletlərin və ya tur paketlərin qaytarılması ilə bağlı müraciət olunmayıb. Dövlət səviyyəsində Çindən turistlərin gəlməsinə heç bir qadağa qoyulmayıb. Sadəcə şirkət, agentlik və turoperatorlara diqqətli olmaları tövsiyyə edilib. Yəqin ki, Çindəki proseslərin gedişatına əsasən yaxın zamanlarda hansısa tədbirlər görülə bilər. Hazırda isə Assosiasiya tərəfindən atılan addımlar sırf tövsiyyə xarakteri daşıyır”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də turizm şirkətlərinə virusla əlaqədar təlimlər keçirilməsinin tapşırıldığını bildirib:

“Azərbaycana turist gətirən və turist aparan şirkətlərə tapşırılıb ki, virusla bağlı təlimlər keçsinlər və turistlər də diqqətli olsunlar. Hələlik tapşırıqlarımız bu qədərdir. Turistlərin gəliş-gedişi azalıb-azalmaması hadisələrin gedişatından asılı olacaq. Odur ki, biz hadisələrin inkişafını diqqətlə izləyirik. Yanvar ayında bundan öncəyə qədər Çindən gələn turistlərin sayında böyük bir dəyişiklik yox idi. Ümumilikdə Çindən Azərbaycana təxminən ayda 2 min adam gəlir. Bu da elə də ciddi dəyişə biləcək bir rəqəm deyildi”.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin direktoru Rəhman Quliyev isə Çinə bir neçə turu ləğv etdiklərini bildirib:

“Yaxşı olardı ki, ölkədəki turizm şirkətləri əhalini getdikləri ölkələr barədə maarifləndirsinlər, həmin ölkələrdə epidemiyanın olub-olmaması, oradakı siyasi vəziyyət, seysmik zonalar, hava temperaturu, səyahətin riskli olub-olmaması, tətil müddəti ərzində hansı hadisələrin baş vermə ehtimalının olduğu və digər məsələlərlə bağlı əvvəlcədən turistlərə məlumat versinlər.

Turizm nümayəndəsi olaraq israrla insanlara müvəqqəti olaraq Çinə səfərlərini dayandırmalarını tövsiyyə edirik. Lakin heç kimi buna məcbur edə bilmərik. Aparılan maarifləndirmə işlərinin nəticəsində bir sıra insanların Çinə səfərlərini təxirə saldıqlarının şahidi oluruq. Bizim şirkət Çinə olan təqribən 10-a yaxın turu, bir neçə otel bronunu və bir neçə bileti ləğv edib. Bunun üçün Çindəki otel rəhbərləri və aviaşirkətlərlə danışıqlar apardıq və insanlara ziyan dəymədən səfərlərin təxirə salınmasına çalışdıq”.

Bakıda eko parkların yaradılması təşəbbüsü irəli sürülüb

0
Eko park

Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə, yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Bu məqsədlə qurum müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib. AzETA-nın mütəxəssislərinin fikrincə, eko parkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmilə daha yaxından tanış olacaqdır. Yaşlı nəsilin isə nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaqdır. Bunlarla yanaşı eko parkların yaradılması yeni iş yerlərinin açılmasıda mümkün olacaq. Bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaq.

Assosiasiyadan bildiriblər ki, açıq hava turizm fəaliyyətləri – piyada gəzintilər, velosiped gəzintiləri, pikniklər, dağa dırmanmadr. Müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında populyarlıq qazanmaqdadırlar. İri şəhərlərin ekoloji durumu yaxşılaşdırılır. Bu məqsədilə onların ərazilərində eko parkların yaradılması bu işə xüsusi töhfə gətirir. Əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə yardımçı olur.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində eko parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilir.

Turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına töhfə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdır, bu isə davamlı inkişafa səbəb olur.

İrana da səfər edən turistlərin sayı azaldı – SƏBƏB

0
iran turistləri

Son 10 ay ərzində 7,85 milyon əcnəbi turist İrana səfər edib.

Trend-in məlumatına görə, bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymur mətbuat konfransında deyib.

V.Teymurinin sözlərinə görə, halbuki ötən 3 il ərzində turistlərin sayında 52 faiz artım olub. Bu il isə faiz azalmağa doğru gedib.

Nazir müavini deyib ki, cari ildə turist bələdçilərinin sığortalanması üzrə qərar qəbul edilib. Bundan əlavə, əcnəbi turistlərin ölkəyə gəlməsi ilə əlaqədar fəaliyyət göstərən idarələrə əlavə dəyər vergisi ləğv edilib.

Son ayda baş verən bəzi hadisələrə toxunan nazir müavininin sözlərinə görə, bu sahədə İran nə birinci, nə də axırıncı ölkədir: “Misal üçün, Çində koronovirus bu ölkənin turizminə təsir göstərir. Buna görə də belə hadisələr hər zaman baş verə bilər”.

Qeyd edək ki, son bir ay ərzində İran və ABŞ arasında qarşıdurmalar, həmçinin İranda Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulması İrana gedən əcnəbi turistlərin sayını ciddi şəkildə azaldıb.

Vulkan sahəsində turizm kompleksinin yaradılması ilə bağlı tədqiqatlar aparılıb

0
Turizm

Dövlət Turizm Agentliyi Ərzani palçıq vulkanı sahəsində elmi-tədqiqatların aparılmasının vacibliyini bildirib. Lazımi məlumat və təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna müraciət edib.

İnstitutdan APA-ya verilən məlumata görə, qurumun Palçıq vulkanizmi şöbəsi tərəfindən sözügedən sahədə iki mərhələdən ibarət tədqiqatlar aparılıb. Ərzani daxil olmaqla, marşrut xəttinə yaxın digər palçıq vulkanları araşdırılaraq ıb öyrənilib.

Ərzani sahəsində nəzərdə tutulan tikinti işlərinə dair tədqiqatların nəticələri nəzərə alınmaqla müvafiq tövsiyə və təkliflər Agentliyə hesabat şəklində təqdim olunub. Bundan başqa, iki mərhələli hesabatlarda tibbi baxımından müalicəvi hesab edilən Azərbaycanın palçıq vulkanlarına, həmçinin brekçiyanın xammal kimi istifadəsinin perspektivliyinə dair araşdırmaların nəticələri də öz əksini tapıb. Müqavilənin müddəalarına uyğun olaraq, şöbənin əməkdaşları tərəfindən Azərbaycanın palçıq vulkanlarının püskürmə məhsullarından ibarət sərgi nümunələri toplanıb etiketlənib və Agentliyə təqdim edilib.

Çində koronavirusa yoluxanların sayı 1985 nəfərə çatıb

0
Çin

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 1985 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 56-ya çatıb. Xəstələrdən 324-nün vəziyyəti ağırdır.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, koronavirusa ən çox yoluxma və ölüm halları elə virusun aşkarlandığı Xubey vilayətində (1052 nəfər yoluxma, 52 ölüm halı) baş verib. İndiyədək 49 xəstə müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün xəstəxananı tərk edib.

Virusa yoluxması şübhəli bilinən 2700 nəfərə yaxın şəxsin müayinəsi və analizləri aparılır. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox adam tibbi nəzarət altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya və Nepalda ümumilikdə 23 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Artıq Çinin 34 bölgəsindən 30-da, o cümlədən virusa ən çox yoluxmanın qeydə alındığı Xubey vilayətində, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, Honkonq xüsusi inzibati bölgəsində ən yüksək səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

Ölkənin gömrük xidməti Çin sərhədini keçən bütün şəxslərdən sağlamlıq vəziyyəti haqqında anket doldurmasını tələb etməyə başlayıb.

Bakıda keçirilən assambleyada Qafqazın şərab marşrutu yaradılıb

0
Şərab

Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.

Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.

“İter Vitis Eutope” şərab marşrutu şirkətinin prezidenti Emanuela Panke çıxışında təşkilatın həyata keçirdiyi layihələr barəsində danışıb. Cari ildə şərab marşrutunun Qafqaz regionuna təsir edəcəyini söyləyib. Eyni zamanda, “İter Vitis Eutope” şərab marşrutun veb-saytını təqdim edib.

Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib. Ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.

Tədbirdə “İter Vitis Eutope” şərab marşrutu ilə Azərbaycan Turizm Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində, eyni zamanda, Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treninqlər keçirilib.

Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib.

“İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir.

Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.