Qərbin yağmurlu və soyuq havasından ayrılıb qızmar səhrada ekzotik səyahət etmək istəyənlər üçün Birləşmiş Ərəb Əmirliklərinin turizm şirkətləri qeyri-adi “Qəsr Əl Sarab” otelində istirahət təklif edirlər. Ucsuz-bucaqsız qum təpələrinin arasındakı lüks villalar, hovuzlar, zəngin menyusu olan restoranlar və spa xidmətləri hətta təcrübəli səyyahlarda da heyrət doğurur. Otelin divarlarının arxasında ən dəbdəbəli eksteryer və interyer dizaynı turistlərə ətrafdakı yeknəsəq mənzərəni unutdurur. Memarlar “Rub əl Xali” (ərəbcədən tərcümədə boş səhra) adlanan bu ərazidə əsl möcüzə yarada biliblər. Beşulduzlu otel Səudiyyə Ərəbistanın sərhədində – dünyanın ən böyük səhralığında süni cənnət vadisi də adlandırıla bilər.
AZƏRTAC CNN telekanalının reportajına istinadla bu ecazkar məkanı oxucuların diqqətinə təqdim edir.
