PAYLAŞ
Əbu-Dabi

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük və varlı Əmirliyi olan Əbu-Dabi uzun illər ərzində neft gəlirlərini turizm infrastrukturunun inkişafına sərf edib. Ölkənin sürətlə tərəqqi edən paytaxtı turistlərin cəlb olunması üzrə Dubay Əmirliyi ilə uğurlu rəqabət aparır. Təkcə son ildə burada səyahətçilərin diqqətini cəlb edəcək bir neçə iri layihə həyata keçirilib. Onların arasında Qəsr Əl-Vətən dəbdəbəli saray ansamblı dövlət idarəçiliyi sahəsində qədim ənənələri və müasir üslubu əks etdirir. Qəsr Əl-Hüsn isə tarixi qalanın restavrasiya olunmuş forması ilə mədəniyyət mərkəzi və sənətkarlıq evindən, həmçinin dünyamiqyaslı əyləncə parkı “Warner Bros. World Abu Dhabi”dən ibarətdir.

Əbu-Dabi

Bu məkanlar və BƏƏ-nin digər görməli yerləri haqqında təəssüratlarını sizinlə bölüşürlər.

Şərq sarayının kuluarlarında

2018-ci ildən Əbu-Dabi ilə Bakını Əmirliyin milli aviaşirkəti “Etihad Airways”in yerinə yetirdiyi birbaşa aviareyslər birləşdirir. Uçuş 3 saata yaxın davam edir və sonra sizin qarşınızda urbanistik vadinin heyrətamiz mənzərəsi açılır. Bu şəhərin bir tərəfdən qızmar qum təpələri, digər tərəfdən isə Ərəb körfəzinin üzərindəki günəşin işığından bərq vuran haşiyələnmiş zolaqları göz oxşayır.

Əbu-Dabi

Əbu-Dabinin turistlərin axınına uğrayan böyük Ağ məscidinə daha bir monumental tikili əlavə olunub. O, arxitektura üslubu və genişliyi ilə Qəsr Əl-Vətən kompleksini xatırladır. Bu milli mədəniyyət abidəsi Prezident sarayında yerləşir və ziyarətçilərə BƏƏ-nin yaranması və dövlət idarəçiliyi haqqında məlumat almaq imkanı verir. Bu, fəaliyyətdə olan dövlət kompleksidir. Ekskursiya zamanı yüksəkvəzifəli şəxslərin rəsmi qəbullarının keçirildiyi zalları, o cümlədən “Əməkdaşlıq ruhu” zalını görmək olar. Burada iclaslar, Federal Ali Şuranın və BƏƏ-nin Nazirlər Kabinetinin toplantıları və sammitləri keçirilir. Ziyarətçilər, həmçinin dövlət başçıları və xarici siyasi xadimlərin hədiyyə etdikləri diplomatik ərməğanlar kolleksiyası ilə tanış ola bilərlər. Onlar ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur.

Əl-Barşa zalı

Əl-Barşa zalında ziyarətçilər Məclisin mədəni, siyasi və ictimai toplantıların keçirilməsində ənənəvi rolunu öyrənir, onlar barədə multimedia şoularına baxır, Əmirliyin hökmdarlarının ölkəni xalqla birlikdə idarə etmək üzrə indi də davam edən ənənələri ilə tanış olurlar. Bilik Evinə davam edən səyahət zamanı sarayın şərq hissəsində ziyarətçilər nadir artefakların, kitabların, əlyazmaların və digər qədim ərəb abidələrinin olduğu iki otağa daxil olurlar. Onlar əsas artefakları və tarixi xəritələri görə, qədim ərəblərin Maarifçilik epoxasında elmin inkişafına verdiyi töhfələrlə tanış ola bilərlər. Həmin dövr Ərəb Qızıl Əsri adlanır. Bu dövrdə riyaziyyatın, astronomiyanın, memarlığın, tibbin və elmin digər sahələrinin inkişafı Avropa İntibahının əsasını qoyub. Sarayda, həmçinin Qəsr Əl-Vətən Kitabxanası yerləşir. Burada böyük kolleksiya – BƏƏ haqqında 50 mindən çox kitabın təqdim olunduğu fondla tanış olmaq və ölkənin inkişaf yolu haqqında məlumat almaq olar.

Sarayın zallarının birindəki döşəmədə qızılı rəngdə nəhəng şəbəkəli mozaika diqqəti cəlb edir. O, Şeyx Zahid ibn Sultan əl-Nəhyanın “Pul və neft sərvət deyil. Əgər xalqa xidmət etmirsə, pul və neft faydasızdır” sözlərinin yazıldığı nazik təbəqə ilə örtülüb.

Əbu-Dabi

Sarayın memarlıq üslubu onun içərisində olan kolleksiyadan heç də az maraqlı deyil. Ağ mərmərdən olan günbəz və ənənəvi Şərq üslubunda işlənmiş nəhəng divarlar, büllur çilçiraqlar sanki Əbu-Dabi Əmirliyinin indiki tərəqqisinin vizit kartıdır.

Bizi bürüyən mədəni şokun təəssüratını üzərimizdən atdıqdan dərhal sonra daha bir yeni kompleksə – Qəsr Əl-Hüsn sarayına gedirik. Daha təvazökar üslubu ilə fərqlənən bu məkanda turistlər Əbu-Dabi Əmirliyinin son illərdə qazandığı nailiyyətlərlə tanış olurlar.

Zəfəranlı qəhvə və əl-Sadu

Qəsr Əl-Hüsn Əbu-Dabinin orijinal dəbli məhəlləsidir. Burada bir-birinə sıx bağlanmış dörd element var: Qəsr Əl-Hüsn tarixi qala-sarayı, Mədəniyyət Mərkəzi, Milli Məsləhət Şurasının binası, habelə Sənətkarlıq Evi.

Ziyarətçilər əvvəlcə mədəniyyət mərkəzinə daxil olurlar. Burada gördüyümüz ərəb qəhvəsinin hazırlanma mərasimi bizdə böyük təəssürat yaratdı. Qəhvənin hazırlanması “Qəhvə evində” – ziyarətçilərin gözünün qarşısında həyata keçirilir. Burada ənənəvi içkinin hazırlanmasının bütün mərhələlərini əyani şəkildə görmək olar. Əvvəlcə qəhvə dənələrini tavada qızardırlar. Onlar çəhrayı rəng aldıqda isə həvəngdə üyüdülür. Üyüdülmüş qəhvəni metal qaba (dələ) qoyur və üzərinə qaynar su əlavə edərək 7-10 dəqiqə bişirirlər. Sonra qaynanmış içkiyə xüsusi əzilmiş hil toxumları əlavə edirlər. Qəhvənin yanındakı digər qaba bir neçə qərənfil qönçəsi, bir az zəfəran və qızıl gül suyu əlavə edirlər. Qaynar qəhvəni süzgəcdən keçirir və fincanlara süzürlər. Ərəbsayağı qəhvə adi qara qəhvədən çox fərqlənir. O, daha açıq rəngli, yüngül və ətirli olur. Qəhvəni qonaqlara kiçik – bir qurtumluq fincanlarda təqdim edirlər. Bu onun üçündür ki, ev sahibləri qonaqla söhbəti daha çox uzatmaq üçün fincana mütəmadi olaraq qəhvə əlavə etsin.

Qəhvə fasiləsindən sonra qonaqları BƏƏ-nin maddi və qeyri-maddi tarixi irsi, xüsusən xalq sənətkarlığı ilə tanış olmağa dəvət edirlər. Onların arasında toxuculuq, palma ipindən kətan hazırlanması və tikiş sənəti daha çox diqqəti cəlb edir. Məlumdur ki, UNESCO 2011-ci ildə əl-Sadu sənətini Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Ekspozisiyada qızılı və gümüşü saplarla tikiş sənəti daha çox diqqəti cəlb edir. Bu sənət indi də qadınlar və kişilər üçün mərasim geyimlərinin hazırlanmasında istifadə olunur.

Sənətkarlığın inkişafı təkcə qədim eksponatlarla gözəl bəzədilmiş stendlərdə deyil, həmçinin tətbiqi sənət nümunələrində öz əksini tapır. Onların hamısına tarixi videoxronika vasitəsilə baxmaq olar. Elə buradaca sizin gözlərinizin qarşısında dəvət edilmiş qadın sənətkar zənbillərin, çantaların, heybələrin və palma ipindən digər əşyaların toxunması sənətini nümayiş etdirir.

Hökmdarlar Evi

Qəsr Əl-Hüsn kompleksinin mərkəzində Əbu-Dabi şəhərinin tarixi irsinə aid olan iki binadan ibarət qədim obyektlər var: bunlardan biri tarixi kökləri 1795-ci ilə gedib çıxan Daxili Qala, ikincisi isə 1940-cı illərdə tikilmiş Xarici Qaladır. Bu binalar Əbu-Dabi tarixinin canlı şahidi kimi son iki əsrdə hakim ailənin iqamətgahı, hökumətin iclas məkanı, Məsləhət Şurasının toplantı yeri və dövlət arxivləri kimi istifadə olunur. İrimiqyaslı bərpa və konservasiya işlərinin bitməsindən sonra Qəsr Əl-Hüsn milli əhəmiyyət daşıyan abidə-muzeyə çevrilib. Burada şəhərin hələ balıqçı qəsəbəsinin yerləşdiyi dövrdən bu günümüzədək olan tarixi inkişafını izləmək mümkündür.

Qəsr Əl-Hüsn Əbu-Dabi və onun xalqı üçün xüsusi əhəmiyyətə malikdir. Hüsn adı 1795-ci ildə tikilmiş Daxili Qalaya aiddir və şəhərin ilk böyük tikilisi sayılır. Onun mərcandan və dəniz daşından olan qoruma qülləsi 1760-cı ildə tikilib. Qəsr isə Xarici Saraya aiddir. O, 1940-cı ildə Daxili Qalanın ətrafında Şeyx Şahbat bin-Sultan əl-Nəhyan tərəfindən hökmdar ailəsinin iqamətgahı və hökumət məclisinin iclaslarının keçirilməsi məkanı kimi tikilib. Şeyx Şahbat bin-Sultan əl-Nəhyanın hökmdarlığı dövründə dənizdə mirvari toplanması üzrə gəlirlərdən neft hasilatına keçid baş verdi və sonrakı onilliklərdə Qəsr Əl-Hüsnün strukturu və funksiyaları tədricən dəyişdi. Bu qala-saray artıq siyasi hakimiyyətin mərkəzi və hökmdar ailəsinin evi deyil, şəhərin mədəniyyət mərkəzinə çevrilib.