Şərq xalqlarını yenə aldatdılar. Ərəb-müsəlman dünyasını inandırmışdılar ki, tiranlardan qurtuluş üçün məhşər günləri başlayıb, nicat 30-40 illik irticalara son qoymaqdır, sonrası günəş doğacaq, demokratiya gələcək.
Elə buna görə ərəb yarımadasındakı siyasi çevrilişlər “ərəb baharı” adlanırdı, “əvəzolunmaz” diktatorlar domino daşı kimi bir-bir aşırılırdılar.
Tunisdə göyərti satanın özünü yandırması ilə başlanan inqilab bin Əlinin 30 illik hakimiyyətinin sonu oldu. Mühacirətdə olan müxalifət liderləri vətəninə qayıdaraq diktaturaya qəbir qazdılar.
Tunis tayfa-qəbilələr olmayan, müasir və dünyəvi ərəb ölkəsi idi. Ona görə bin Əlinin devrilməsi genişmiqyaslı qan-qadaya səbəb olmadı.
Sonra 9 il əvvəl Qahirədə Hüsnü Mübarək rejiminə qarşı etirazlar başladı. Bir zamanlar “hər dörd nəfərdən birinin xüsusi xidmətlərə işlədiyi” iddia olunan ölkədə birdən-birə hər şey dəyişdi.
Tunisdəki inqilabdan ruhlanan misirlilər yanvarın 25-də ilk dəfə kiçik qruplar şəklində, sonrakı günlərdə isə Qahirənin “Təhrir” (Azadlıq) meydanında milyonluq aksiyalara toplaşmağa başladılar. Hüsnü Mübarək hökuməti cəmisi üç həftə tab gətirə bildi.
Ardınca, Liviyada 42 illik Müəmmar Qəddafi rejimi laxladı. Bu ölkədə dirəniş və vətəndaş müharibəsi böyük oldu. Əgər qərbi Liviya qəbilələri Qəddafini dəstəkləməkdən imtina etməsəydilər, üsyançılar uğur qazana bilməzdi.
Tripolinin tutulması üsyançıların hərbi qüvvəsindən daha çox Benqazidəki Milli Keçid Şurasının Qərb qəbilələrinin son həftə və günlərdə apardığı gərgin danışıqların nəticəsi idi.
Bu inqilab dalğası Yəmən, Bəhreyn, İordaniyaya qədər yayıla bilərdi. Lakin Suriyada Bəşər Əsəd rejiminə qarşı ümumxalq mitinqlərini terrorçuların ölkəyə soxulması əvəzlədi və proses tormozlandı.
Bəs əvəzində nə baş verdi? Ərəb xalqları heç də gözlənildiyi kimi, ağ günə çıxmadılar. Əslində “ərəb baharı”ın bir proje olduğu, ölkələrin sərvətini sümürmək, sabitliyi pozmaq niyyəti daşıdığı aydınlaşdı.
Tunis istisna olmaqla (çünki neft-qaz sərvətləri yoxdur – E.S) bu günə kimi nə Liviya, nə Misir, nə Suriya demokratiyaya nail olub, xalqlar azadlığa çıxıblar.
Liviyada hələ də iki hökumət var, siyasi böhran davam edir, BMT-nin Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qətnamə qəbul edib.
Qadağalar həmçinin silahlara, neft məhsullarının idxalı və ixracına da şamil edilir. Yəni post-Qəddafi dövründə nə təbii sərvətlər, nə demokratiya Liviya xalqına nəsib oldu.
Misirdə də oxşar mənzərədir: hakimiyyəti generallar götürüb, xalqın sosial-iqtisadi vəziyyəti Mübarək dövründə olduğu kimi acınacaqlıdır, turizmdə inkişaf getmir, əhalinin işsizlik problemi qalır, insan hüquq və azadlıqları bu ərəb ölkəsinə də qismət olmayıb.
Suriyanı qeyd etməyə ehtiyac yoxdur, Rusiya, Türkiyə, ABŞ, İran və Avropa bu regionda müharibə aparırlar. Yəni siyasi çevrilişlər ərəb dünyasına işıqlı sabah gətirmədi.
Üstəgəl, Yaxın Şərq və Şimali Afrikada baş qaldıran ümumxalq üsyanları regiona 50 milyard dollara başa gəldi. Misir, Suriya və Liviya bu üsyanlarda böyük pullar xərcləməli olub.
Hikmət Hacızadə: “Bu hadisələr Rusiyadakı 1905-ci il inqilabına oxşayır”
Faktiki olaraq, xalqlar diktatorlardan yaxalarını qurtarsalar da, azadlığa çıxmadılar, sivil cəmiyyət, sabitlik qura bilmədilər.
Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, diktatorlar və xalqlar sonluğun belə olacağını başa düşürdülər. Onun fikrincə, demokratiya doğrudan da gediləsi uzun yoldur.
“Mən bir ərəb analitikin məqaləsini oxuyurdum. O yazır ki, ”ərəb baharı” Rusiyadakı 1905-ci il inqilabına oxşayır. Rusiyada inqilab məğlub olmuşdu. Amma 1917-ci il inqilabı üçün ciddi təsirləri olmuşdu.
Eynilə “ərəb baharı” da olacaq növbəti inqilablar üçün bir cığır açdı. Amma etiraf etmək lazımdır ki, Misir, Liviya, Suriya xalqları ağ günə çıxmadılar. Burada ərəblərin öz dünyagörüşü, toplumların səviyyəsi amili də var. Ancaq bundan sonra həmin ölkələrdə diktaturalar olmayacaq”, -deyə, H.Hacızadə qeyd etdi.
Politoloq yaxın gələcəkdə Yaxın Şərqdə və bu ərəb ölkələrində demokratiya gözləmir: “Lakin tələsik proqnoz vermək də olmaz. Əgər beynəlxalq qüvvələr, supergüclər vaxtında bir araya gəlsəydi, ”ərəb baharı” olan ölkələr yeni bir dövrə qədəm qoyardılar. Ancaq Rusiya və Çin fərqli mövqedədir və müsbət dəyişikliyə imkan vermirlər.
Suriyanı Putin dəstəkləyir və Moskva olmasaydı, orada demokratiya qurulardı. Əgər Suriya böhranı həll olunsa, bu region tədricən düzələr”.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, “ərəb baharı” daxili qanunauyğunluqlara görə meydana gəlməmişdi: “İnqilab üçün şərait yaranmamışdı. Amerikanın Yaxın Şərq projesi varıydı və kənardan təsir diktaturalara xalq etirazlarını körüklədi. Sonra inqilabçı qüvvələr iqtidara gəldilər. Amma bu ölkələrdə tayfa-qəbilə münasibətləri qurulmuşdu. Diktatorlar güc və silah hesabına siyasi şüurun, siyasi mədəniyyətin aşağı olduğu bu ölkələri saxlayırdılar. İnqilablardan sonra yeni iqtidarlar saxlaya bilmədilər, yenə tayfalar arasında mübarizə başladı, vətəndaş müharibəsi getdi.
Beləliklə, sabitlik içində olan ərəb ölkələri qan gölünə çevrildi, insanlar keçmişə şükür etməyə başladılar, nostalji ilə yaşadılar”.
Qabil Hüseynli: ile ilgili görsel sonucu
Qabil Hüseynli: “Beynəlxalq güclər bilməliydilər ki, xalqların şüur səviyyəsi nə yerdədir”
Ekspert hesab edir ki, inqilabi prosesi körükləyənlər günahkardır: “Bu beynəlxalq güclər bilməliydilər ki, xalqların şüur səviyyəsi nə yerdədir. Onların milli şüuru hesablanmalıydı, nəzərə alınmalıydı ki, millət kimi formalaşıblarmı? Çünki patriarxal və qəbilə münasibətləri hökm sürən yerlərə liberal, demokratik dəyərlərə əsaslanan sistem gətirmək istəyirsən. Bu dəyərləri həmin ölkələrin əhalisi içində az adam anlayırdı. Ona görə asan deyildi. Ərəb ölkələrindən başlamaq düzgün yanaşma deyildi. Ərəb təfəkkürü elə qurulub ki, mifologiyaya, elmdən uzaq dəyərlərə inanır”.
Siyasi şərhçi Ramiyə Məmmədova isə “ərəb baharı”nın uğursuzluğa düçar olmasının səbəbini beynəlxalq güclərin bu bölgə uğrunda mübarizə aparmasında görür: “Liviyaya baxın, sanksiyalarla üzləşib, ölkə ikiyə bölünüb. Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətidir.
Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar isə öz hökumətini yaradıb. İndi dünya bu böhranla məşğuldur. Qəddafi dövründə sabit dövlət var idi. Suriyanı da kənar güclər qarışdırır. Çin, Rusiya və İran anti-Qərb koalisiyası yaradıblar. Misirdə isə islamçılar devrildilər, Sisi kimi avtoritar xarakterə malik general iqtidarı ələ keçirdi. Yəni bu ölkələr həm demokratiyaya tam hazır deyildilər, həm də kənar müdaxilələr seçkilər keçirməyə, sabitlik qurmağa mane oldu”./musavat.com