Ən ucuz istirahət
Yayın qızmarı, qorabişirən ay… Hamı bir neçə günlük də olsa, paytaxtın bürküsündən uzaqlaşmaq üçün fürsət axtarır. Əlbəttə ki, daha ucuz, daha səmərəli olmaq şərti ilə.
Bir çoxları Gürcüstanın istirahət üçün daha münasib olduğunu iddia edir. Səbəb – bir adam üçün qalmaq, yemək və s. xidmətlərin ucuz olmasıdır. Doğrudanmı, Gürcüstanda dincəlmək Azərbaycanın rayonları ilə müqayisədə ucuzdur?
Sizə nə lazımdır?
İstirahətə getmək qərarına gəlmisinizsə, əvvəlcə mütləq müəyyənləşdirməlisiniz: sizə nə lazımdır? Bakının istisindən uzaqlaşıb, tutaq ki, İsmayıllının səfalı meşəsində, çinarlığında sərinləmək, çayın həzin şırıltısını dinləyib gərginlikdən uzaqlaşmaq, gəzmək, görmək, yoxsa bir sərinlik tapıb yaxşıca yeyib-içmək, səhərdən axşama qədər kabab yemək?
Əgər qərara gəlmisinizsə ki, siz yeyib-içməyə yox, istirahət etməyə gedirsiniz, onda diqqətiniz bizdə olsun!
Ən ucuz istirahət imkanı
İstədiyiniz rayonu seçin: tutaq ki, İsmayıllıya getməyə qərar vermisiniz. Bu rayona Bakıdan cəmi 2,5-3 saatlıq yoldur – 173 km. Yol əziyyətinə (Batumiyə gedərkən təxminən 700-800 km-lik yol əvəzinə) qatlaşmırsınız, üstəlik, sərhəd keçmək və sərhəddə gözləmək lazım gəlmir.
Daha rahat olması üçün sedan tipli Bakı-İsmayıllı taksilərindən istifadə edə bilərsiniz. 8 manata siz İsmayıllıdasınız. Əgər 4 nəfərsinizsə və Bakıdan birbaşa İsmayıllı şəhəri ətrafında yerləşən seçdiyiniz məkana gedə bilərsiz.
Burda da seçim sizindir: əgər səhər yeməyi də daxil olmaqla, tanınmış, bütün xidmətləri olan, necə deyərlər, “Avropa standartlarına uyğun” məkan seçmək istəyirsinizsə, otelə 80, kotecə isə 60 manat verməlisiniz.
Bu koteci götürdünüzsə, təxminən 50 metr “radiusda” bütün xidmətlərdən pulsuz istifadə edə bilərsiniz. Manqal da təqdim edilir – nə istəsəniz, alın, özünüz hazırlayın.
Məsləhət görərdik ki, gedəndə özünüzlə kiçik samovar götürəsiniz – heç nəyə ehtiyacınız olmayacaq.
Bir az tənbəlsinizsə və yalnız gəzmək barədə düşünürsünüzsə, yenə problem yoxdur: səhər yeməyi – 4 manat, nahar və şam 6-7 manat, çay 2 manat, samovarla birlikdə çay 8 manatdır.
Başqa sözlə, sizin bir günlük qalmaq (7,5 manat) və 3 dəfə yemək xərciniz ümumilikdə təxminən 25 manata başa gəlir.
Biz bunlardan niyə istifadə edə bilmirik?
Bir neçə problem var:
1. Əvvəla, bu istirahət mərkəzlərinin böyük əksəriyyəti təbliğatın nə olduğunu bilmir. Onlar haqda məlumatı internetdən tapmaq mümkün deyil və təəssüf ki, bu, onların qazancına, bizim isə normal istirahətimizə təsir edir.
2. Bakıda oturub, hər şeyi internet və telefon üzərindən görmək istəyənlərə təklif edilən qiymətlər tamam fərqlidir. Və mənzərənin özü də qəribəliyi ilə seçilir. Məsələn, evini 60 manata təklif edən və heç bir halda bir qəpik də enməyən şəxslə söhbət əsnasında məlum oldu ki, adam mövsümün başladığı (1 maydan mövsüm başlayır) müddətdən indiyə qədər evini cəmi 3 günlük kirayə verə bilib.
Görünür, turizmin gəlişməsi, öz yurdumuzda daha ucuz və daha gözəl istirahət etməyimiz üçün həm də “şəhərlilərdən” asılı olan mədəniyyət məsələsi var…