Sentyabrın 16-dan 22-dək Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Belə ki, “Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Həmçinin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu müqavilədən sonra Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çata biləcəyin bildirib.
Görəsən, çinli turistlərin hesabına Azərbaycanda turizmi inkişaf etdirmək mümkün olacaqmı? Yoxsa ərəb turistlərdə olduğu kimi gələn “bir də gəlmərəm“, deyib gedəcək?
