118 manata London
“WizzAir” Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başlayıb. Beş saat on dəqiqə çəkən bu uçuş “WizzAir”in ən uzun müddətli birbaşa uçuşudur.
Tbilisə gedib gəzdim. Ora qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN).
Ev Rustaveli küçəsindən iki dəqiqəlik məsafədə idi. Tbilisidən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz “Didube” metrostansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getməkdir (adambaşı 10 lari – 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta getmək (adambaşı iki lari – 1.4 AZN).
Gediş-dönüş aviabiletini 167 lari (118 AZN) təşkil edir. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər.
Lutonda pasport qeydiyyatında 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar.
Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda pasport qeydiyyatı olmur. Yəni ki, pasporta möhür vurulmur.
Mən gedəndə qatarla (10 GBP – 22 AZN), qayıdanda isə “easybus”la (6 GBP – 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.
Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantın qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.
London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (“Lidl”, “Tesco”) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur”.