Azərbaycan tarixən turizm baxımdan əlverişli məkan kimi fərqlənib. Ölkəmizin Şərqlə Qərbi birləşdirən əlverişli coğrafiyada yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.
“Yeni Sabah” xəbər verir ki, “Azərbaycan” qəzetinin yazdığına görə, ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişafı, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Onlardan biri turizmin inkişafına təkan verən böyük layihələrin həyata keçirilməsidir. Demək olar ki, respublikamızın bölgələrindəki bütün hava limanları müasir standartlar səviyyəsində yenidən inşa olunub və hər biri beynəlxalq status daşıyır. Eyni zamanda ölkəmizdə nəinki beynəlxalq əhəmiyyətli avtomobil yolları, o cümlədən rayonlararası, kəndlərarası şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış ünvanlarına yeni yollar çəkilib.
Azərbaycanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastrukturu formalaşıb. İndi Bakı ilə yanaşı, digər bütün şəhərlərdə, əksər rayonlarda beşulduzlu, dördulduzlu mehmanxanalar fəaliyyət göstərir. Bu gün Azərbaycana gələn hər bir xarici turist büdcəsinə uyğun istirahət məkanı seçməkdə hər hansı çətinliklə üzləşmir.
Bütün bunların nəticəsidir ki, artıq 2018-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyon nəfərə çatıb. Xatırladaq ki, bu, 2017-ci illə müqayisədə 153 min və ya 5,7 faiz çoxdur.
Əlbəttə, Azərbaycanın turizm imkanlarının və potensialının təbliğində, xarici turistlərin sayının dinamik artımında mühüm rol oynayan vasitələrdən biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Ölkəmiz bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bununla yanaşı, Azərbaycan mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərə evsahibliyi edir. Elə bu günlərdə Bakıda start götürən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı da paytaxtımızın imicini daha da yüksəldən mühüm tədbirdir. Avropa Gənclər Yay Olimpiya Festivalı da Azərbaycanın dünyada təbliğində də mühüm rol oynayır. Bütün bunlar nəticə etibarilə ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərir.
2019-cu ilin birinci yarısının göstəriciləri ölkəmizə gələn xarici turistlərin sayının artımı baxımından kifayət qədər uğurludur. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 milyon 410,7 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çoxdur. Ən çox xarici vətəndaş isə Rusiya Federasiyasından gəlib: 29,4 faiz. Digər gələnlərin 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi müxtəlif ölkələrin vətəndaşları olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bu dövrdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5 faiz artaraq 502,5 min nəfər olub. Gələn əcnəbilərin 59 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.