Yazıma başlamazdan öncə böyük bir israrla onu qeyd edim ki, yaranışı eramızdan əvvələ, yaşayışı fərqli ənənələrə söykənən, əhalisinə görə dünyada ikincidir. Ərazisinə görə isə yeddinci yerdə olan bir ölkədə cəmi 3 gün olmuş, ən əsası, səfər boyunca bir inək belə görməmiş şəxs üçün Hindistan haqqında qəti fikir bildirmək heç də asan deyil. Din, dil, mədəniyyət, dünya görüşünün hər kəsə görə çeşidləndiyi hindlilər üçün ümumiləşdirmə aparmaq haradasa imkansızdır.
Çünki beynində tam fikir formalaşmışkən 5 dəqiqə sonra tamamilə əksini görə bilərsən. Məsələn, təmizliyi elə də sevməmələri ilə məşhur olan hindlilərlə yanaşı, son günlər olduğumuz mühitdə insanların gigiyenik qaydalara xüsusi diqqət yetirdiyini müşahidə etdik.
Ölkənin bir yanında texnologiya ən yüksək səviyyədə inkişaf etsə də, digər yanında internetin varlığından xəbərsiz, yoxsul insanların olması və yaxud kiminin Nirvanaya çatdığı bu diyarda il ərzində, sözün əsl mənasında, yerdən qalxmağa üşənənlərin olduğunu nəzərə ala bilərik. Bu yazını yazmağın ip üzərində gəzmək kimi bir şey olduğunu görərik.
Ona görə də, xeyli araşdırma və müşahidələrimə əsaslanmağıma baxmayaraq, fikirlərimdə hər hansı kiçik təhriflərin olması qaçılmazdır. Düşünürəm ki, din, dil, mədəniyyət qovşağı olan şərqin “qara inci”sində bir il yaşasan belə, hər şeyə tam hakim olmaq mümkünsüzdür.
Ancaq yenə də gördüklərimi tam çılpaqlığı ilə sizin üçün ifadə etməyə və Hindistana getməyin mənfi və müsbət tərəflərini izah etməyə çalışacam.
