Ev Turizm Xəbərləri 2020-ci ildə okean və dənizlərdə dünya səyahəti təklif edən qlobal şirkətlər

2020-ci ildə okean və dənizlərdə dünya səyahəti təklif edən qlobal şirkətlər

dünya səyahəti

Okeanları və dənizləri aşaraq ilk dünya səyahəti 1522-ci ildə həyata keçirilib. Portuqaliyalı səyyah Ferdinand Magellanın kapitanı olduğu gəminin də daxil olduğu bu ekspedisiya zamanı onun özü də daxil olmaqla 50 nəfər həlak olub. Üç ildən sonra İspaniyanın Sevilya şəhərinə çatan “Victoria” gəmisində isə cəmi 18 dənizçi olub. Həmin vaxtlar hər bir insanın arzuladığı dünya səyahəti indi müasir və super komfortlu gəmilər sayəsində bir zövq halına gəlib. Bu məqsədlə pul ayıran və 3 aydan 9 ayadək səyahət etməyə hazır olan səyahətçilər üçün dünyanın ən məşhur şirkətləri xüsusi paketlər təklif edir. Həmin firmaların sərəncamında qlobal səyahətə çıxanların bir okeandan digərinə komfortlu keçidini təmin edən ən müasir nəhəng gəmilər var. Səyahət zamanı dünyanın ən görməli məkanlarında, gözəl şəhərlərində fasilə verən gəmi kapitanı kruiz iştirakçılarına mənalı istirahət üçün şərait də yaradır.

CNN telekanalının reportajına istinadla xəbər verir ki, “TripAdvsor” konsaltinq şirkətinə məxsus “Cruise Critic” nəşrinin baş redaktoru Kolin MakDeniel 2020-ci ildə dünya səyahətinə çıxanlara müraciətlə deyib: “Gələn il üçün bir çox kruiz şirkətləri mükəmməl konsepsiya təqdim ediblər. Səyahətçilər dalğaların üzərində olduqlarını belə hiss etməyəcəklər, onları rahat və maraqlı kruiz, limanlarda isə ekskursiyalar və şoppinqlər gözləyir. Nəhəng gəmilər böyük limanlara yaxınlaşdıqda, onların sərəncamına kiçik və rahat yaxtalar veriləcək. Gələn il dünya səyahətlərinin qiymətləri də daha ucuz olacaq. Bir paketlə dünyanın ən böyük şəhər limanlarını gəzmək, alacağınız təəssüratlar həyatınızın sonunadək yaddaşınızdan silinməyəcək”.

Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi dünya səyahətini daha maraqlı edib. Səyahətçilər bütün kruiz vaxtı olduqları şəhərlərlə, habelə okean və dənizlərlə bağlı təəssüratlarını istədikləri dəqiqə virtual olaraq öz yaxınları ilə bölüşə bilərlər. Bir sıra turizm operatorları u məqsədlə yeni məhsullar təqdim edib. Onları oxuculara təqdim edirik.

“Cunard”

Bu kruiz şirkəti ilk dünya səyahətini 1922-ci ildə həyata keçirib. “American Express”in maliyyə vəsaiti ilə yaradılan Britaniya-ABŞ şirkəti dünya səyahətinin sayına görə rekordçudur. “Cunard” 2020-ci ildə dörd qitə üzrə 38 istiqamətdə kruizlər həyata keçirəcək. 2021-ci ildən etibarən isə şirkətin iki gəmisi Antarktida da daxil olmaqla tam dünya səyahəti paketi təqdim edəcək: “Queen Mary-2” gəmisi ənənəvi Şərq-Qərb, “Queen Victoria” isə Panama kanalından keçərək Şimal-Cənub istiqamətlərində kruiz yerinə yetirəcəklər. Yanvarın 10-da başlayacaq kruiz Nyu-Yorkdan 113, Londondan isə 99 gün davam edəcək.

“Crystal Cruises

Bu kruiz şirkəti də dünya səyahəti üzrə veteranlardan sayılır. İyirmi ildən çox turizm bazarında olan “Crystal Cruise” 2020-ci ildə 105 günlük kruiz paketi təklif edir. Səyahət ABŞ-ın Mayami kurort şəhərindən başlayacaq və Romada sona çatacaq. Bu şirkət öz müştərilərinə güzəştlər də edir. Belə ki, uzunmüddətli dəniz səyahətindən rahatsız olan sərnişinlər səyahətlərinin qalan hissəsini hava yolu ilə də davam etdirə bilərlər.

“Silversea”

Bu şirkətə məxsus “Silver Whisper” gəmisi 388 sərnişinlə kruiz paketi hazırlayıb. Onun digər gəmisi – “Silver Cloud”un isə 250 sərnişin yeri var. Bu şirkətin özəlliyi ondadır ki, kruizlər qeyri-adi marşrutla həyata keçiriləcək: birinci gəmi Florida ştatının Lauderdal limanından yola düşəcək, Antarktika, Arktika Dairəsi və Sakit okeanı keçərək Hind okeanına çatacaq. Səyahətçilərə aysberqlərdən tutmuş Sakit okeanın sahilboyu ölkələri və qızmar iqlimi olan Hind okeanı mənzərələrini görmək imkanı veriləcək. Kruizin müddəti 150 gündür. Son liman isə Nyu-York olacaq. Şirkətin çartersiz dünya turu isə 167 gün davam edir və gəminın çıxış nöqtəsi Argentinanın Uşuaya, son nöqtəsi isə Norveçin Tromso limanları olacaq.

“Seabourn”

Dünya səyahəti təklif edən daha bir şirkət – “Seabourn” bu kruizi altıillik fasilədən sonra bərpa edir. Onun gəmisi dünya səyahətinin yalnız yarı hissəsini yerinə yetirəcək. Səyahətçilər Mayami şəhərindən yola düşərək şərq istiqamətində Atlantik okeanı, Aralıq dənizi, Qırmızı dəniz, Hind okeanı və Sakit okeanı keçəcəklər və kruizi Kaliforniya ştatının San-Fransisko limanında başa vuracaqlar. “Seabourn Sojourn” gəmisində səyahət müddəti 146 gecədir və yanvarın 4-dən mayın 28-dək davam edəcək.

Dünya səyahətinə çıxmaq istəyənlər üçün “Viking Cruises”, “Regent Cruises”, MSC, “Oceania Cruises”, “Princess”, “Costa Cruises” şirkətləri də maraqlı paketlər təklif edir. Qeyd edək ki, kruiz qiymətləri səyahət günlərindən, xidmətlərin keyfiyyətindən asılı olaraq 20 mindən 70 min dollara qədər dəyişir.