Afrika – uzaq, maraqlı və cəzbedicidir. Onun bəzi istiqamətləri turistlər tərəfindən çoxdan öyrənilib: Mərakeşin rəngləri, Tunisin qumları, Keniyanın ucsuz-bucaqsız açıqlığı. Lakin “qara” qitədə əvvəlki kimi xeyli ağ ləkələr mövcuddur. Bunun təsdiqi çoxları üçün naməlum olan möhtəşəm adalardır. Çox az adam tapılar ki, bu yerləri tanısın və ziyarət etmiş olsun. Bu adalar haqqında məlumatları sizə təqdim edir:
1. San-Tome və Prinsipi
San-Tome və Prinsipi “Telegraph Travel”in versiyasına görə 2019-cu ildə mütləq ziyarət olunacaq yerlərin iyirmiliyinə daxil edilib. Bu, çox nadir toxunulmamış guşədir. Lakin tezliklə vəziyyətin dəyişiləcəyi gözlənilir: turoperatorlar və aviaşirkətlər buraya öz tilovlarını atacaqlar.
San-Tome və Prinsipi snorklinq və skuba-dayvinq həvəskarlarını xüsusilə sevindirəcək.
Qvineya körfəzində, Qabondan 240 kilometr aralıda yerləşən iki ada yağışlı meşələri, qəribə mənzərəsi, səhra çimərlikləri və okeanı, sərinliyi və şüşə kimi şəffaflığı ilə başlı-başına buraxılan bir dünyadır.
Sahilboyunca sürətli qayıqda səyahət edərkən balası ilə yanaşı üzən dişi qozbel balinaya, restorana yollananda isə yolu həyasızcasına keçən yumruq boyda dəniz xərçənglərinə rast gəlmək mümkündür. Açıq havada uzanmaq kifayət edər ki, başınızın üstündə sarılələkli toxucu quşlar, susmaq bilməyən boz tutuquşular və endemik suquzğunları fırlansın. Bir də buranın insanları çox qonaqpərvərdirlər. Xidmətin zəif olması, su və elektrik enerjisində fasilələr bu səbəbdən istirahəti korlamır.
2. Yerro
Bu ada rəsmi götürüldükdə Afrika hesab edilmir. Lakin ərazicə İspaniyaya nisbətən Afrikaya daha yaxındır. Yerro Kanar adaları arasında ən kiçiyi və az tanınanıdır. Bura səhra ilə cəngəlliklər, vəhşilik və sivilizasiya, piknik və “ulduzlu” restoranlarda süfrə seçimi qarşısında qalanlar üçün “qızıl orta”dır. Yaxınlıqda Tenerife və Qran-Kanariyanın işıqları sayrışır, lakin Yerroda tam başqa mənzərə var.
Burada səs-küylü çimərliklərin və attraksionların əvəzinə dumana bürünmüş aylı mənzərələri və nəhəng kərtənkələlər üçün reabilitasiya mərkəzlərini görmək mümkündür.
El-Qolfo vadisinin qədim cığırları, El-Sabinar sürrealist ardıc meşələri, kələ-kötür səthdə quruyan lava çayları – bunlar hamısı qəribə və cazibədardır. Yerüstü sirləri sualtı sirlərlə əvəz etmək mümkündür: “La-Restinqa” dəniz qoruğunda skat, tunes və murenlər yetişdirilir. Daha sonra rəngarəng vyexa balığının dadına baxmaq olar.
3. Pemba
Orada olan səyahətçilər Tanzaniyanın sahillərindəki Pembanı Zənzibarın yarım əsr bundan əvvəlki vəziyyəti ilə müqayisə edirlər. Macəra axtaranları ağ qumlu çimərliklər və təsir bağışlayan mərcan rifləri cəlb edir. Lakin Pemba seçmə adamlar üçün oriyentir olaraq qalmaqdadır: az adam tapılar ki, bu xoşbəxtliyi kütlə ilə bölmək istəsin.
İyul və avqust aylarında sahil boyunca qozbel balinalar miqrasiya edir, dərinlikdə balıq tutmaqdan isə il ərzində zövq almaq mümkündür.
Bərə yolu müntəzəm deyil. Özəl təyyarələrdə uçuşlar isə hər adamın cibinə uyğun gəlmir. Rahat otellərin sayı görünməyən dərəcədə azdır və ümumilikdə infrastruktur zəifdir. Çimərliklərin əksəriyyəti çimmək üçün yararsızdır. Lakin təchiz olunanları da vardır ki, bunlar da ölkədə ən yaxşıları hesab edilir. Yerdə qalan hər şey -təmizlik, sakitlik, meşələr, yerli əhalinin yaşadığı kəndlər və maraq kəsb edən “dive site”lar üstün cəhətlərdir.
4. İbo
Mozambik dünya miqyaslı kurorta çevrilir. 2,5 min kilometrlik fotogenik sahil xəttində otel və SPA-lar sanki yağışdan sonra bitən göbələk kimidir. Lakin adalarda ölkənin ruhu zəngin tarixlə və sərbəst ab-hava ilə məskunlaşır. Kirimbas arxipelaqının incisi sayılan İbo lazımınca böyükdür və heç də təmtəraqlı deyil.
İboda gümüş bəzək əşyaları ilə alver edirlər. Bununla da unikal texnika nəsillərdən-nəsillərə ötürülür.
Ada nə vaxtsa Portuqaliyanın Hind okeanında müstəmləkə dayağı olub, lakin 1974-cü ildə “qərənfil inqilabı”ndan sonra Lissabon xaricdəki torpaqlarından imtina etdi və İboya köç dövrün kabusuna çevrildi. Ticarətçilərin mülkləri və qalalar duzlu havada istər-istəməz bərbad hala düşür. Lakin köhnəlmiş divarlarda art-emalatxanalar, butik-otellər və mağazalar açılır.
5. Bazaruto
Mozambikin daha bir fəxri Bazaruto arxipelaqıdır. Portağallıqlar, flaminqo dəstələri və çimərliklərlə zəngin olan beş adanın tayı-bərabəri çətin ki, tapılar. Təmiz torpaq silsiləsi, lacivərdi sular, rəngli mərcanlar – çalarlar hər hansı süzgəcdən keçmədən də gözəldir.
Eyniadlı milli park tısbağaların, ağırtərpənən dəniz inəklərinin, molyuskların və çevik dəniz xərçənglərinin məskənidir.
Riflərin arxasında qozbel balinalara, delfinlərə, xallı skatlara, balina və yastıburun köpək balıqlarına rast gəlmək mümkündür. Köpək balıqları tilova düşən tunes balığını balıqçıya macal vermədən bir göz qırpımında qamarlayır.
6. Qomera
Kanar arxipelaqının bir hissəsi, yaşıllığa qərq olan Qomera sadə, lakin ləzzətli yeməyin, unudulmaz qürubun və dağ mənzərələrinin səltənətidir. Ada yuxarıdan dilimlərə bölünmüş portağala bənzəyir. Adanın tən ortasında “Qarahonay” milli parkı yerləşir. Burada ayıdöşəyi xalçaları, minillik dəfnə ağacları və mamırlardan əmələ gələn monolitlər dumanı parçalayır.
Ta qədim zamanlardan yerli sakinlər xüsusi dil icad ediblər – uzaq məsafədən eşidilən, təhlükə və digər məlumatlar barədə xəbər verən silbo fiti. İndi isə bunu böyük həvəslə turistlərə də öyrədirlər.
Qomeraya təyyarə və ya bərə ilə Tenerife və Qran-Kanariyadan getmək olar.
7. Cərbə
Tunisdəki Cərbə adasının əsas cəlbediciliyi – yerli sular, dəniz yosunları, palçıq, yağ və gillər əsasında talassoterapiya prosedurları mərkəzləridir.
Cərbə təkcə dəbdəbəli SPA həvəskarları tərəfindən sevilmir. Burada təqiblərdən gizlənən bərbərlərin, yəhudilərin və digər xalqların nümayəndələri ilə bağlı müxtəlif əhvalatların əks-sədası eşidilir. Dinc, sakit diyar keçmişlə sıx bağlılığı qoruyub saxlayır: burada Neolit dövründən etibarən keramika istehsal edilir, Roma dambası Cərbəni böyük torpaqla birləşdirir.
8. Sokotra
Qadağan edilmiş meyvə həmişə dadlı olur. Lakin Sokotranı ziyarət etməyi, əslində gözləmək daha yaxşı olardı. Sanskrit dilindən tərcümədə bu, “xoşbəxtlik adası” deməkdir, lakin sərt siyasət ucbatından bu xoşbəxtlik yalnız sözdə qalıb: torpaq vətəndaş müharibəsi nəticəsində parçalanıb. Ölkənin materik hissəsindən buranı təxminən 400 kilometr ayırır, lakin döyüşlər burada da davam edir.
Ötən il Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri Sokotraya hücum edərək, əcnəbilərin adanı fəth etmək arzusunu tamamilə əllərindən aldılar.
Hazırda hakimiyyət yenə də Yəmənin əlindədir, lakin hələ də əmin-amanlığa nail olunmayıb. Axı bu yaxınlaradək biomüxtəliflik alimləri və ekoturistləri valeh etmişdi: 2014-cü ilədək Sokotraya ildə min nəfər müsafir səfər edib. 825 növ bitkinin üçdəbiri endemikdir. Məsələn, 6 min ilədək ömür sürən əjdaha ağacı qol-budaq ataraq nəhəng çətirə çevrilir. Həmçinin sürünənlər sinfinin 90 və quşların 70 faizinə yalnız bu arxipelaqda rast gəlmək olar. Buranı nahaqdan Hind okeanının Qalapaqosları adlandırmırlar. Bizə isə yalnız müharibənin başa çatmasını gözləmək və hər şeyi öz gözlərimizlə görmək qalır.