Məzunlar qarşısında Fuad Nağıyev turizm sənayesinin iştirakçılarına səsləndi
Dünən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm və Menecment Universitetində məzunlar qarşısında çıxış edib.
Nağıyev post-neft dövründə əsas diqqətin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında fərmanda qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldildiyini bildirib.
Bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub.
Dövlət Turizm Agentliyinin sədri vurğulayıb ki, Azərbaycan dövlətinin, başda prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir.
Agentlik rəhbərinin sözlərinə əsasən, qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:
– yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;
– daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;
– turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;
– infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;
– dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;
– turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;
– Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması nəzərdə tutulur.
Sonda Fuad Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.