Hannover
Almaniyanın gözdəsi Hannover şəhərinə gəzinti.
Almaniya doqquz dövlətlə həmsərhəd olan 16 əyalətdən ibarət federativ respublikadır. Ölkənin müxtəlif bölgələrinin mədəniyyəti və təbii landşaftları bir-birindən xeyli fərqlənir.
Bu səbəbdən Almaniyada səyahət etmək çox maraqlıdır. Bu dəfə sizi Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverə sürprizlərlə dolu turneyə dəvət edirik.
Hannoverdə keçirdiyimiz iki gün ərzində Avropada yeganə olan əyri liftlə Yeni Ratuşa binasının müşahidə meydançasına qalxaraq, oradan şəhərə açılan gözəl mənzərədən zövq aldıq, çəlləkdə dünyanın ən qocaman nar ağacının bitdiyi Kral bağlarında gəzişdik və Hannover zooparkı ərazisindəki süni çayda qayıq gəzintisinə çıxdıq. İndi isə Hannoverin bu və bir çox digər qeyri-adi görməli məkanları haqqında söhbətimizi sizə təqdim edirik.
Biz Almaniyaya uçmaq üçün Şərqi Avropanın ən iri loukost (münasib qiymətlərlə işləyən) aviaşirkətinin – “Wizz Air”in reyslərini seçdik. Bu şirkət 43 ölkədə, o cümlədən Azərbaycanda 142 istiqamət üzrə uçuşlar həyata keçirir və Budapeştdə rahat tranziti təmin edir. Bakı-Budapeşt-Hannover marşrutu ilə uçuşun ümumi müddəti təqribən 4,5 saat təşkil edir. Bakı-Budapeşt reysinə biletlərin qiyməti 44,99 avrodan, Budapeştdən Hannoverə isə 29,99 avrodan başlayır.
Əlavə haqq müqabilində baqaj daşımaq, o cümlədən 32 kiloqrama qədər əlavə yük, 15 kiloqrama qədər əl yükü daşımaq, habelə təyyarənin içində yeməklə təmin olunmaq imkanı əldə etmək mümkündür. Yeri gəlmişkən, hər bir sərnişinin təyyarənin içinə pulsuz keçirə biləcəyi əl yükünün qabariti oktyabrın 29-dan artaraq təqribən 55x40x23 santimetrə çatacaq.
Hannover hava limanından şəhərin mərkəzinə qatarla 15-20 dəqiqəyə çatmaq olar. Qatara biletin qiyməti 3,4 avrodur. Biletlər perrondakı avtomatlarda satılır. Çətinlik hiss etsəniz, ətrafınızdakı adamlara müraciət edə bilərsiniz. Onlar məmnuniyyətlə sizə kömək edərlər. Almanlar çox qayğıkeş xalqdır. Yeri gəlmişkən, bu və ya digər qatara bileti elə Bakının özündə – bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış üzrə baş agenti “SI Travel” şirkətinin ofisində ala bilərsiniz.
Hələ XIX əsrdə inşa edilmiş Hannover Mərkəzi Vağzalında özünü tarixin bir parçası hiss edirsən. Bu vağzal öz dövrü üçün ilk belə innovativ tikili olub. Hazırda iri dəmir yolu qovşağı olan Hannover vağzalından hər gün müxtəlif istiqamətlərdə 680-dən çox qatar yola düşür. Vağzalın binası qarşısında 1837-1851-ci illərdə hökmranlıq etmiş Hannover Kralı I Ernst Avqustun at belində məğrur heykəli ucalır.
Bu abidə şəhər sakinlərinin sevimli görüş yeridir: onlar görüş təyin edərkən kralın atının quyruğunu nəzərdə tutaraq elə belə də deyirlər: “Quyruğun altında görüşərik”. Vağzalyanı meydan da elə bu kralın adını daşıyır.
Hotel axtarışına vaxt itirmədik: “Grand Hotel Mussmann” mehmanxanası mərkəzi vağzal binasının düz qarşısında yerləşir. Əşyalarımızı tələm-tələsik nömrədə qoyub, şəhərin görməli məkanlarını görməyə tələsdik. Müstəqil ekskursiyaları sevənlər üçün Hannoverdə “qırmızı xətt marşrutu” deyilən unikal fişka var. Asfalta çəkilən və 4 min kilometrdən çox uzanan qırmızı xətt şəhərin təqribən 40 memarlıq və tarixi obyektini əhatə edən əsas görməli məkanlara istiqamətləri göstərir.
Marşrut Ernst-Avqust-Plats meydanında yerləşən Turizm İnformasiya Mərkəzinin binasının qarşısından start götürür. Mərkəzdə 3 avroya soraq kitabçası (o cümlədən rus və türk dillərində) ala bilərsiniz. Sistem çox sadə işləyir: qırmızı xətt üzrə hərəkət edərək, hər biri soraq kitabçasında ətraflı təsvir olunan bu və ya digər görməli məkanın yanından keçirsiniz. Yeri gəlmişkən, bizim şəxsi bələdçimiz olduğuna görə sərbəst marşrutla getmək qərarına gəldik.
Biz isə irimiqyaslı sərgilərin keçirildiyi dünyanın ən iri sərgi mərkəzinə, 5 min pəncərəli ev adlandırılan, bəşəriyyətin mədəniyyət tarixini əks etdirən eksponatların nümayiş etdirildiyi Kestner Muzeyinə getmək, Hannover akvariumunda bütün gözəlliyi ilə təqdim edilən sualtı dünyanın al-əlvan həyatını müşahidə etmək istəyirdik. Əfsuslar olsun ki, həmişə olduğu kimi, vaxtımız çatmadı. Əvəzində Hannoverə qayıtmaq üçün gözəl səbəbimiz var. İndi isə növbəti şəhərə – Bavariyanın paytaxtı Münxenə yola düşməliyik. İnanırıq ki, Münxendə də bizi maraqlı macəralar gözləyir! Bizi izləyin!