Türkiyə və Azərbaycan arasında viza rejiminin qaldırılması və kimliklə gediş-gəliş ölkələrin sosial-iqtisadi gücünə də güc qatacaq
Gözlədiyimiz gün gəlir. Türkiyə ilə viza rejimi yaxın zamanda ləğv ediləcək.
İllərdir bu barədə danışılırdı, istəklər, arzular dilə gətirilir, müzakirələr aparılırdı.
Lakin məsələ həll olunamımış qalırdı. Biz qardaşıq. Türkiyə kimi bizə yaxın ikinci bir ölkə yoxdur. Bu, birmənalıdır. Qardaşlıq öz yerində. Zatən türklər qardaşdır. İstər Türkiyədə olsun, istər Azərbaycanda, istərsə ucsuz-bucaqsız Türküstan çölləri, Sibir yaylaları və əcdadımızın gedib çatdığı dünyanın o biri başı… Bəs, qardaş qardaşının evinə icazəyləmi getməlidir?!
Məlumdur, tarixi proseslər, siyasi mənzərə arzuların gerçəkləşməsinə heç də hər zaman imkan vermir. Yolumuzun kəsildiyi, rahat qovuşmamıza əngəl zamanlar olub. Amma şükür ki, bu gün Azərbaycan da Türkiyə Cümhuriyyəti kimi regionda söz sahibi bir ölkə, güclü dövlətdir. Və artıq öz müqəddəratımızı özümüz həll edirik. Azərbaycan dövlətinin həllinə çalışdığı, inşallah, nail olacağı məsələlərdən biri də Türkiyə ilə aramızdakı viza rejiminin ləğvidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Azərbaycan üçün hansı dəyərə malik olduğunu dəfələrlə bəyan edib. İki dövlətin başçıları möhkəm qardaşlıq bağlarını bütün sahələrdə siyasi-ictimai, hərbi və iqtisadi müstəvidə nümayiş etdiriblər. Hazırda həllini gözləyən məsələ viza rejiminin ləğvidir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bir neçə gün öncə keçirilən vebseminarda danışıb.
“Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki…”
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxış edərkən bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur.
“Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?” deyən X.Xələfov qeyd edib ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı bu ölkənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: “İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımdan bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur”.
Viza rejiminin ləğvi nə vəd edir?
Hər iki ölkə vətəndaşları viza rejiminin ləğvini intizarla gözləyir. Məsələnin mənəvi yükü öz yerində, vətəndaşlara xeyri də əlbəttə böyük olacaq. İnsanlar sərbəst gediş-gəliş imkanı əldə edəcək, ölkədə qalmaq müddətini uzatmaq üçün idarələrə baş vurmalı olmayacaq. İqtisadi, ticari, mədəni əlaqələrdə inkişaf əldə ediləcək. Məlumdur ki, son illərdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadı. Tələbələrin ölkəyə gəlişi və geri dönüşündə də əlavə problemlər yaşanmayacaq. Hansı tərəfdən baxılırsa baxılsın, Türkiyə ilə aramızda viza rejiminin olması iki qardaş ölkə üçün heç münasib görüntü deyil.
İctimai xadim Azər Allahverənov Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi məsələsini hələ 2017-ci ildə gündəmə gətirdiyini dedi:
– 2017-ci ildə mən bununla bağlı məqalə ilə çıxış etmişdim (28.03.2017-ci il. ə Cebheinfo portalı, “Azərbaycanla Türkiyə arasında pasportsuz səfər: Mane olan kimdir?”) və Azərbaycanla Türkiyə arasında xarici pasportsuz gediş-gəlişin mümkünlüyü barədə danışmışdım. Nəhayət, bu ilin avqustunda Türkiyənin XİN naziri cənab Mövlud Çavuşoğlu bu sahədə təşəbbüslə çıxış etdi. Bir az uzun zaman çəkdi, amma yenə də gözümüz aydın və xeyirli olsun. Vəziyyət necədi? Türkiyə Ukrayna və Gürcüstanla bu cür gediş-gəlişi təmin edib artıq. Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi olsa da, şəxsiyyəti təsdiq edən daxili sənədlərlə gediş-gəliş mümkün deyil. Türkiyə ilə ölkəmiz arasında bu cür gediş-gəlişin təmininə əsas maneənin təhlükəsizlik məsələləri olduğu deyilir. Amma son illərdə hər iki ölkənin təhlükəsizlik sistemi o qədər mükəmməlləşib ki, bu maneəni aradan qalxmış saymaq olar. Çünki 2017-ci ilə nisbətən təhlükəsizlik sistemi indi daha təkmildir. Bu, hər iki dövlətə aiddir. Üstə gəlin tarixi şəraiti.
Yeni biometrik pasportlara sahiblənməliyik
Hazırda iki ölkə arasında sadələşmiş viza rejimi qüvvədədir. Vətəndaşlar ölkə ərazisində 90 gün vizasız qala bilər. İstər Türkiyə vətəndaşı, istər Azərbaycan vətəndaşı ölkə ərazisinə daxil olduqda, əgər orada 15 gündən artıq qalacaqsa, o zaman olduğu yer üzrə qeydiyyata düşməlidir. 90 gündən artıq qalacaqsa, ilk 30 gün ərzində bununla bağlı aidiyyəti orqana müraciət etməli, qalmaq üçün əsasını, səbəbini göstərməli və qalmaq izni almalıdır.
Amma vizasız gediş-gəliş bunların hamısının ləğvi, insanların rahat bir şəkildə səyahət etmələri, yaxud qonaq qalmaları, hansısa işlərini asanlıqla həyata keçirmələrinə imkan yaradacaq. Bilirik ki, Türkiyə ilə aramızda miqrasiya kifayət qədər intensivdir. Pandemiya dövrünə qədər belə idi, şübhəsiz pandemiya bitdikdən sonra yenə əvvəlki vəziyyətə qayıdılacaq.
Türkiyə ilə yaxınlığımızı ifadə etmək üçün əlavə sözə, şərhə ehtiyac yoxdur. Qalır, məsələnin təhlükəsizlik tərəfi. Buna təhlükəsizlik də deməyək, müasir dünyanın miqrasiya tələbləri adlandıraq. Məlumdur ki, hazırda dünyada biometrik pasportlar qüvvədədir. Bu elə bir sənəddir ki, insan haqqında bütün lazımi məlumatlar orada toplanmış halda olur.
Biz viza rejimini ləğv edəcəyiksə, Türkiyəyə hazırkı şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəyik. Yeni biometrik pasportlara sahib olmağımız lazım gələcək.
Artıq dünya insanların bir sənədlə hərəkətinin təmin edilməsi mərhələsindədir. Elə bir sənəd ki, orada şəxsiyyətin təsdiqindən tutmuş bank hesabınadək hər bir məlumat olsun. Biometrik pasportlar məhz bu imkanı yaradır. Vətəndaş haqqında bütün zəruri məlumatlara əlçatanlıq təmin edildikdən sonra viza rejiminə ehtiyac belə qalmır. Əlbəttə, Türkiyə ilə aramızdakı viza rejiminin ləğvi hər iki dövlətin vətəndaşlarının ürəyincə olan məsələdir. Biz qardaşıq, qardaşlıq bağlarımızın möhkəmliyi söhbət mövzusu belə deyil. Viza rejiminin ləğvi isə vətəndaşlara üstünlük, rahatlıq və ən əsası mənəvi stimul verəcək.
Bu, ölkələrin sosial-iqtisadi gücünə güc qatacaq
Türkiyədə yaşayan araşdırmaçı-yazar, Azərbaycan Eyitim və Kültür Dərnəyi başkanı Aygün Həsənoğlu qeyd etdi ki, viza rejiminin ləğvi, təbii ki, arzuolunandır:
– Uzun illərdir bizlər bu məsələni qaldırırdıq. Görünür, hər məsələnin yetişəcəyi bir zamana ehtiyac var. Əgər Azərbaycan nəhayət ki, bu məsələdə razılaşarsa, bu iki ölkə arasında yalnız gediş-gəliş sərbəstliyi olmayacaq. Həm də hər iki ölkənin sosial-iqtisadi gücünə güc qatacaq, turizmi inkişaf etdirəcək. Hər şeydən əvvəl Türkiyədə işləyib Azərbaycana pul göndərən vətəndaşlarımızın ən böyük probleminin həlli demək olacaq. Amma bu gün qısa müddətə gəlib geri qayıda bilməyən insanlarımız təyyarəyə bilet almağa pul tapa bilmirlərsə, hələ də normal uçuşlar bərpa edilmirsə, avtobus yolu açılmırsa, bu proqnozun gerçəkləşməsi hələ uzaqda görünür. Hələ də Türkiyə və Azərbaycan arasında gediş-gəlişdə, kömrükdə bu qədər çətinliklər varsa, gömrük qiymətləri bu qədər bahadırsa, bu yalnız təəssüf doğurucudur. Gecikirik…
Düşmənə göz dağı, dostlara göz aydınlığı
Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, “Gazeteanka” portalının baş redaktoru Oktay Hacımusalı hesab edir ki, viza rejiminin ləğvi qardaş ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Türkiyə və Azərbaycan vətəndaşlarının yaxınlaşmasına töhfə verəcək, həm dövlət, həm də hər iki ölkə ictimaiyyətinin maraqlarına xidmət edəcək, insanların sevincinə səbəb olacaq addımdır:
– Bu çox sevindirici xəbərdir. Və sözsüz ki, “bir millət, iki dövlət” anlayışı ilə yaşayan Türkiyə və Azərbaycan xalqlarının yaxınlaşmasına töhfə verəcək addımdı. Azərbaycan və Türkiyə siyasi, iqtisadi, təhlükəsizlik müstəvisində həmişə birgə olub. İki dövlətdən birinin təmsilçisi olmayan tədbirlərdə “mən burdayam, qardaşımın əleyhinə danışa bilməzsiniz”, fikirlərini səsləndirib.
Cənab Prezident İlham Əliyev Yunanıstanın səfirini qəbul edərkən də eyni fikri səsləndirmişdi. Bu da mövqe, güc nümayişidir. İndi iki türk dövləti arasında bu proses başlayıb.
Bütün türk dövlətlərinə də sirayət edəcək. Ümid edək, perspektivli olar. Avropa Birliyi hazırda gözləntilər içindədir. Türkiyəni sıralarına qəbul etmək istəmirlər. Avropa çöküntü içindədir. Türkiyə isə regionda getdikcə güclənən dövlətdir. Perspektiv vəd edir. Ona qısqanclıqla yanaşılır. Avropa İttifaqındansa, eyni soy-kökünə, eyni dilə, eyni dilə, eyni fikir və düşüncəyə sahib olan qüvvələrlə birgə olmaq lazımdır. Azərbaycan Orta Asiyaya açılan qapıdır.
Orta Asiya ilə Türkiyənin münasibətləri istənilən səviyyədə deyil. Geosiyasi təhlükəsizlik məsələləri də var. Amma Azərbaycanla Orta Asiya daha yaxındır. Biz daha asan anlaşa bilirik. Çünki ortada 70 il birgə yaşadığımız SSRİ dönəmi var. Ona görə də Türkiyə, Azərbaycan və Orta Asiya birlikdə fəaliyyət göstərməlidir. Birgə fəaliyyət vizasız gediş, vahid pul, ortaq mədəniyyət, ortaq dil deməkdir. Bunlar mütləq olmalıdır. İnanıram ki, səylərimiz müsbət sonuclara gətirib çıxaracaq. Vizasız gediş-gəliş düşmənə göz dağı, dostlara göz aydınlığı gətirən addım olacaq.
Türkiyə ilə aramızda bağlı qapı olmamalıdır
Hazırda Türkiyədə ailəsiylə birgə yaşayan və çalışan jurnalist dostumuz
– Əslində Türkiyə və Azərbaycan arasında viza rejimi və pasport rejiminin qaldırılması məsələsi uzun zamandı müzakirə olunur. Viza üçün pulların ödənişi ləğv olunub.
Amma viza rejimi qalır. Türkiyənin bir çox ölkələrlə, məsələn, Gürcüstan, Rusiya kimi ölkələrlə viza rejimi uzun zamandır ləğv edilib. Türkiyə vətəndaşları qardaş ölkə Azərbaycana da bu sistemin tətbiq edilməsini istəyir. Türkiyə və Azərbaycan üçün bağlı sərhəd olmamalıdır. Bu, iki ölkə arasındakı dostluq, qardaşlıq və yaxın siyasətə də ziddir.
Amma təbii ki, dövlət adamları bu qərarı siyasi yöndən dəyərləndirərək verəcək. Umid edirik ki, yeni ildən vizasız, kimliklə (şəxsiyyət vəsiqəsi ilə) gediş-gəlis tətbiq ediləcək.