“ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində e-viza almaq mümkün olacaq
2017-ci il tarixindən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli, 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.
Asan Viza
“ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli, 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.
Elektron viza
Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.
Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 167.337 əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.