Ev Turizm Xəbərləri Asiya nəhənglərinin diqqəti Azərbaycana yönəlir

Asiya nəhənglərinin diqqəti Azərbaycana yönəlir

Azərbaycan

Bu gün Asiya nəhəngləri adlandırılan, dünyanın ən çox əhalisinə malik ölkə olaraq birinci və ikinci yerləri bölüşən Çinlə Hindistanın Azərbaycana maraqlarının artan xətt üzrə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verir.

Belə görünür ki, hər iki ölkə qarşıdakı dövr ərzində Azərbaycanla ilk növbədə iqtisadi müstəvidə əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirməkdə maraqıldır. Digər tərəfdən, səslənən fikirlərdən o da bəlli olur ki, hər iki ölkə iqtisadi əməkdaşlığının dərinləşməsi fonunda Azərbaycana müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırılmasına da xüsusi maraq göstərir. Məsələn, Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna qeyd edir ki, Hindistan şirkətləri indi Azərbaycana daha çox maraq göstərməyə başlayıb: “Hindistan şirkətləri Azərbaycanda əməkdaşlıqda maraqlıdır. Hindistan Sənaye Konfederasiyasının təmsilçilərinin Azərbaycana gəlişi də bunun təsdiqidir. Nümayəndə heyətinə turizm, ticarət, təhsil, enerji sahəsində fəaliyyət göstərən şirkətlər daxildir. Azərbaycan Hindistanın ixracında 4-cü ölkədir, ixracımızın 5,5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu rəqəm ilbəil artır. Bu ilin 7 ayında Hindistandan Azərbaycana 33 min turist gəlib”. Səfir bir daha qeyd edib ki, son illər ərzində Azərbaycana səyahət edən turistlərin sayında artım olub.

Hindistanla yanaşı, Çin də Azərbaycana sərmayə qoyuluşuna xüsusi diqqət yetirməyə başlayıb. Çinin “Global Times” qəzetinə müsahibəsində baş nazirin müavini Şahin Mustafayev də bunu xüsusi vurğulayır: “Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük”. Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ona yeni vəzifəsinin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyi həvalə edib:“İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. Azərbaycan və Çin arasında 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi üzrə anlaşma memorandumu imzalanandan bəri iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Çin rəhbəri Si Tszinpin arasında 2019-cu ilin aprelində Pekində keçirilmiş “Bir kəmər, bir yol” ikinci beynəlxalq forumu çərçivəsində keçirilmiş görüş ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib. Bu forum zamanı Azərbaycan Çin şirkətləri ilə dəyəri 800 milyon dollardan çox olan 10 ortaq sənəd imzalayıb. 2019-cu ilin yanvar ayından sentyabr ayına qədər Azərbaycana gələn çinli turistlərin sayı 64% artıb. İl ərzində bu rəqəmin daha da artması gözlənilir. Hindistan və Çinin Azərbaycana diqqətini artıran daha bir mühüm məqam isə beynəlxalq daşımalar sahəsində qurulan əməkdaşlıqdır. Məlumdur ki, Azərbaycan və Hindistan Orta Şərqi Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut, yəni Suveyş kanalı üzrə çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” vasitəsilə 14-20 gün olması gözlənilir. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon ton təşkil edəcək. Müddət və səmərəlilik, eləcə də gəlir baxımından Azərbaycan və Hindistan “Şimal-Cənub”a xüsusi maraq göstərir. Çin üçün isə “Şərq-Qərb” marşrutu, o cümlədən onun əsas tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti böyük önəm kəsb edir. Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, Çin məhsullarının Avropaya ixracında bundan sonra Azərbaycan ərazisindən daha geniş şəkildə istifadə etmək qərarına gəlib. Söhbət ondan gedir ki, Çinin ilk yük qatarı elə bu günlərdə Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya yola salınıb. Çinin Sian şəhərindən yola düşən və Bakı-Tiflis-Qarsla Ankaraya çatan “China Railway Express” yük qatarı Türkiyədən Avropaya çatıb. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır. Bakı-Tiflis-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Məhz bu da Çinin Azərbaycanın nəqliyyat infrastruktuna marağını artırır. Xatırladaq ki, dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Yaponiya da Çindən sonra öz məhsullarını Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa başlayıb. Artıq Yaponiyanın Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsi də imzalanıb. Bütün bu qeyd edilənlər bir daha göstərir ki, Asiyanın iqtisadi nəhəngləri üçün Azərbaycan artıq xüsusi diqqət mərkəzində yer almağa başlayır. Hərtərəfli inkişaf edən əlaqələr isə Azərbaycana yeni böyük iqtisadi dividendlər vəd etməklə yanaşı, onun beynəlxalq miqyasda nüfuzunu da əhəmiyyətli dərəcədə artırır.