Ev Turizm Xəbərləri Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr

Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr

turizm

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib.

Müşavirənin ilk günü panel iclasında “Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr” mövzusunda məruzələr dinlənilib.

Panel iclasda çıxış edən “Şirvan şərabları” MMC-nin satış üzrə meneceri Nizami Əliyev “Şərab yolları” marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi haqqında məlumat verib.

Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 ha sahədə üzümçülük və şərabçılıq kompleksinin yaradılması, yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarının salınması, dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edərək sahəsi 4398 kvadratmetr olan zavodda orqanik bioşərabın istehsalı, eləcə də kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına da töhfə verib. İstehsal olunan şərablar qısa müddətdə bazarda öz layiqli yerini tutub.

Həmçinin, üzümün yetişdirilməsindən şərab məhsullarının istehsalına kimi bütün mərhələlərdə kimyəvi vasitələrdən, süni konservantlardan, boyaq maddələrindən, aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar “Meysəri” markası və “Sədəf”, “Mərcan”, “Məxməri”, “Bülluri”, “Sənəm” və “İnnabı” adları ilə satılmaqdadır. Təqdirəlayiq haldır ki, istehsal olunan məhsullar Fransanın “Ecosert” şirkəti tərəfindən sertifikatlaşdırılıb. Eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, müəssisə isə ISO 22000 – Qida Təhlükəsizliyi Sistemi sertifikatına layiq görülüb.

2019-cu ilin 30-31 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb. Hazırda kompleks yerli və xarici turistlərin tərcih etdiyi, turizm şirkətləri tərəfindən mədəni turların təşkili olunduğu turistik məkanlardan biridir.

İclasda həmçinin, “Absheron Olive Garden” şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsini təqdim edib. Bildirib ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Portuqaliyanın “Vinomatos” şirkətinin Azərbaycana müvəqqəti gətirdiyi xüsusi texnika və mütəxəssislərin iştirakı ilə 610 ha sahədə zeytun bağı salınıb. Layihəyə İtaliya, İspaniya, Türkiyədən də mütəxəssislər cəlb olunub. Müəssisə tərəfindən istehsal olunacaq zeytun yağları və süfrəlik zeytun növləri yerli və xarici bazarlarda satılacaq.

“Yəhudi irsi üzrə Avropa marşrutu” humanitar təşkilatının direktor müavini – Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxış edərək diqqətə çatdırıb. Yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar.

Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən dağ, Avropa və gürcü yəhudiləri icmaları Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğində aktiv iştirak edirlər. Bu həqiqətlərin dünyaya çatdırılmasında İsrail hər zaman Azərbaycanın yanındadır.

Z.İsayev yəhudilərin kompakt yaşadığı Qubadakı Qırmızı Qəsəbədə bu xalqın nümayəndələri üçün hər cür şəraitin mövcud olduğunu deyib. Bildirib ki, Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev “Qədim qayaüstü incəsənət izləri” marşrutu barədə məlumat verib. Vurğulanıb ki, UNESCO-nun Dünya irs siyahısında yer alan Qobustan qoruğundakı qayaüstü təsvirlərdə ovçuluq, fauna, flora və həyat tərzinə aid simvollar mövcuddur. “Termal şəhərlər” marşrutu üzrə “Qalalatı Hotel and SPA”nın satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzinin xidmətləri və qeyd edilən marşrutda mövqeyi ilə bağlı məruzə edib. Bildirib ki, bənzərsiz memarlıq üslubuna və istirahət formasına sahib olan mərkəz Bakıdan 120 kilometr aralıda, Şabran rayonunda fəaliyyət göstərən tibb və rekreasiya kompleksidir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni “neftli su” deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. “Qalaltı” kurortu 2016-cı ildə Avropa Şurasının “Termal şəhərlər” marşrutuna üzv qəbul olunub.

“Grand Agro” MMC-nin direktor müavini İlqar Məhərrəmov “Zeytun ağacları” marşrutu üzrə məruzə edib. Bildirib ki, bu marşrut Azərbaycanda zeytun mədəniyyətinin inkişafında yeni mərhələdir. O, təmsil etdiyi MMC-nin fəaliyyəti haqqında məlumat verdi. Layihənin əhəmiyyəti, bağların yerləşməsi, köhnə bağların bərpası və yenilərinin salınması, zeytun mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təkliflər səsləndirib.

Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.