KİÇİK EVLƏRİNİ QAR ÖRTƏN, SOYUQ, ANCAQ ŞİRİN KƏND – GRİNDELWALD
Alp dağlarının ətəyində, kiçik evlərini qar örtən, soyuq, ancaq şirin bir kəndə getmişdim.
Getməzdən öncə çox soraqladım, maraqlandım, amma haqqında doğru-düzgün, hərtərəfli məlumat tapa bilmədim. Sonda ora getməyi və həmin o məlumatı özüm yazıb, paylaşmağı qərara aldım.
Grindelwald İsveçrənin Interlaken-Oberhasli ərazisindədir. Özü kiçik olsa da, gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Lap “bapbalaca boyu var, dam dolusu toyu var”, – misalı.
GRİNDELWALDA NECƏ GEDƏK?
Kənd Alp dağları ilə əhatələnib. Ora gedən yeganə ictimai nəqliyyat qatardır. Və ya şəxsi avtomobilinizlə gedə bilərsiniz. Kəndin daxilində isə avtobuslar işləyir. Burada çalışan hotel, hostel, restoran işçiləri üçün həmin avtobuslar ödənişsizdir.
Mən Berlindən Baselə təyyarə ilə getdim. Grindelwalda isə Baseldən qatarla keçdim. Elə sizə də məsafənin çoxunu təyyarə və ya avtobusla getməyinizi məsləhət görürəm. Qalan az hissəni qatarla getmək olar.
NİYƏ?
Çünki Avropada qatar qiymətləri kifayət qədər bahadır. Ümumi qiymətlərə gəldikdə, otel, restoranlar da ucuz deyil. Məsələn, adicə, günlük, hər şey daxil xizək avadanlıqları belə 70-80 avrodan başlayır.
Grindelwaldın özü isə nağıllardakı kimi gözəldir. Nə qədər baha olsa da, bu gözəlliyi görmək üçün bir qədər pul xərcləməyə dəyir.
KƏNDDƏ HARALARI GÖRƏK, NƏ EDƏK?
Bura yolunuz düşsə, mütləq bir gününüzü xizək sürməyə ayırın. Növbəti günü isə kəndi gəzin və Avropanın ən hündür nöqtəsi olan Jungfraujoch – Top of Europa-ya gedin. Bura qatarla gedə bilərsiniz.
Təcrübəli xizəkçi olmasanız belə, sırf bu nöqtədən açılan mənzərəni seyr etmək üçün zirvəyə qalxmağa dəyər.