Ev Turizm Xəbərləri Avstriyada bütün otellər fəaliyyətlərini dayandırıb

Avstriyada bütün otellər fəaliyyətlərini dayandırıb

otellər

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Avstriya hökuməti növbəti məhdudlaşdırıcı addım kimi ölkədəki bütün otellərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober otellərin fəaliyyətinin bərpa olunacağı tarixin hələ bəlli olmadığını ifadə edib. Onun sözlərinə görə, aprelin ortalarında, yəni Pasxa bayramından sonra da otellərin fəaliyyətə başlayacağı real görünmür.

Qeyd edilməlidir ki, Avstriyanın iki federal əyaləti (Tirol və Yuxarı Avstriya) hələ martın ortalarında əyalət ərazisindəki bütün otellərin bağlanması barədə rəsmi qərar qəbul etdilər. Ölkədəki əksər otellər isə həm müştəri azlığına, həm də işçilərin sağlamlığını qorumaq üçün fəaliyyətlərini dayandırmalı oldular. Hökumətin indiki qərarı daha çox reallığa hüquqi status verilməsi xarakteri daşıyır və ölkə üzrə irili-xırdalı 90600 müəssisəni əhatə edir.

Koronavirus pandemiyası Avstriya iqtisadiyyatının mühüm sütunu olan turizm və asudə vaxtın təşkili sahələrinə ağır zərbə vurub. Ötən il ərzində otellərdə 152,7 milyon gecələmənin qeydə alındığını, turizm sektorunda 500 mindən artıq şəxsin çalışdığını və bu sektorun ümumdaxili məhsulun 15,3 faizini (59,2 milyard avro) təşkil etdiyini nəzərə aldıqda, Avstriya iqtisadiyyatının yaxın illərdə durğunluq keçirəcəyi qaçılmaz olacaqdır.