Ev Turizm Xəbərləri Avstriyanın məşhur turizm regionunda yeni növ koronavirusa yoluxma klasteri aşkarlanıb

Avstriyanın məşhur turizm regionunda yeni növ koronavirusa yoluxma klasteri aşkarlanıb

Avstriya

Avstriyanın məşhur turizm regionlarından biri olan Zaltskammerqutda yeni növ koronavirusa yoluxma klasteri müəyyən edilib.

Gezmeli.az xəbər verir ki, Sankt Volfqanq gölü ətrafında yerləşən 18 turizm obyektində yoluxma faktları aşkarlanıb. Yuxarı Avstriya əyalətində yaradılmış böhran mərkəzi indiyədək 62 nəfərin test cavabının müsbət olduğunu təsdiqləyib. Bu göstəricinin yaxın günlərdə artacağı ehtimal olunur.

Əyalət qubernatorunun müavini Kristine Haberlander mətbuata verdiyi açıqlamada qeyd edilən regionda otellərin bağlanması və ya karantin elan edilməsinə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, rəsmi qurumlar vəziyyəti tam nəzarətə götürə biliblər. Yoluxan şəxslərin sosial çevrəsi müəyyən edilərək testlər aparılacaq.

Sankt Volfqanq gölü ətrafında yerləşən Sankt Qilqen və Ştrobl qəsəbələrində bütün qastronomiya və turizm obyektlərində çalışanlar müştərilərlə ünsiyyətdə maskadan istifadə etməli olacaqlar. Eləcədə Sankt Volfqanq qəsəbəsində gecələmiş bütün turistlər həmin bələdiyyənin ərazisini tərk edərkən haradan gəlmələri və növbəti dayanacağın harada olacağı, həmçinin son günlərdə testdən keçmələri barədə anket doldurmalıdırlar.

Qeyd edilməlidir ki, fevral-mart aylarında Avstriyanın məşhur dağ-xizək regionlarından biri olan İşqldə çox sayda yoluxma halı müəyyən edilmiş və həmin regionda dincələn turistlər vətənlərinə döndükdən sonra virusun yayılmasına səbəb olmuşdular. Bu hadisə Avstriyanın turizm regionları üçün ağır zərbə olmuşdu. İndiyədək Skandinaviya ölkələri tərəfindən Avstriya qurumları başdansovdu fəaliyyətə görə ittiham olunur.

Yuxarı Avstriya Böhran Mərkəzindən bildirilib ki, Sankt Volfqandakı yoluxma hallarını “ikinci İşql” kimi qəbul etmək yolverilməzdir. Çünki klasterə daxil olan bütün müəssisələr artıq müəyyən edilib və yoluxanların sayı məhduddur.