Ev Turizm Xəbərləri Azərbaycan milyardlardan məhrum edilir

Azərbaycan milyardlardan məhrum edilir

Turizm

İnkişaf etmiş ölkələrin turizm sektoru ilə müqayisədə Azərbaycanın bu sahədəki gəlirlərini qənaətbəxş hesab etmək olmaz.

Bunun da təməl səbəbləri var. İlk növbədə şişirdilmiş qiymət və xidmət “siyasəti” ölkəmizi bu sektorda geri qoyur. Bu gün Azərbaycanda fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyəti turistlərə xidmətin beynəlxalq standartlara uyğunluğunu təmin etməkdən daha çox, öz maraqlarını üstün tutur. Artıq bu sektorda Azərbaycansayağı maraqlar formalaşıb. Belə ki, hazırda ölkəmizdə restoranlarda xarici turistlərə adi menyudan fərqli – daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi hallarının olması barədə məlumatlar öz əksini tapıb.

Rəsmi qurumlar isə bu tipli xoşagəlməz hallarla bağlı ölkəyə səfər edən turistlər tərəfindən şikayətlər daxil olmadığını bildirir. Şikayətin daxil olmaması bu cür neqativ halların yoxluğu demək deyil. Məlumdur ki, turist gəldiyi ölkədə özünə qarşı bu cür münasibət görərsə, ikinci dəfə həmin ölkəyə nə özü qayıdar, nə də oraya getməyi kiməsə məsləhət bilər. Nə qədər yaxşı infrastruktur yaradılsa da, turist bir də həmin yerləri ziyarət etməz. Bəllidir ki, bu halda turizmin inkişafından da danışmaq olmaz. Çıxış yolu sahibkarlara inzibati cəza mexanizmi yaratmaqdır. Belə ki, əgər hansısa iaşə müəssisəsindən bu cür neqativ hallar barədə məlumat yayılarsa, onun lisenziyası ləğv edilməli və ya həmin məbləğdə cərimələmək yolu ilə mənfi tendensiyanın və iqtisadi cinayətkarlığın qarşısını almaq olar.

Rəsmi məlumatlara görə, 2018-ci ildə Azərbaycana 2 milyon 800 min xarici qonaq gəlib. Keçən il ölkəmizə turizmdən 2 milyard dollar vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2017-ci ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların sayının illik müqayisədə 19,9 faiz artdığı bildirilir. Qeyd edək ki, Azərbaycanın əlaqəli qurumlarının turizmlə bağlı bilgiləri ilə Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəqəmləri arasında uyğunsuzluqlar var. Belə ki, ÜTT-nın hesabatına görə, 2017-ci ildə Azərbaycana 2016-cı ildəkindən 0,4 faiz çox, yəni 2 milyon 454 min turist gəlib. Hesabata görə, Azərbaycanın 2017-ci ildə turizmdən əldə etdiyi gəlirlər 3 milyard 12 milyon dollara çatıb. Turizm gəlirinin illik müqayisədə 0,6 faiz artdığı bildirilir.

Deməli, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın turizm gəlirləri kəskin şəkildə aşağı düşüb.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, turizm, xidmət və ictimai iaşə sektorundakı qiymət özbaşınalığı ölkəmizin ən ağrılı yeri olaraq qalmaqdadır:

“Demək olar ki, vətəndaşlarımızın əksəriyyəti ilə yanaşı, xarici turistlər də bu vəziyyətdən son dərəcə şikayətçidirlər. Vaxtaşırı xaricdən qonaqlarım olur. Şəhərimizin ən yaxşı sayılan ictimai iaşə müəssisələrindəki qiymət xaosundan və mövcud xidmət səviyyəsindən dəfələrlə utanc hissi keçirtmişəm. Xarici vətəndaş görən kimi, hesab dərhal bir neçə dəfə yüksəldilir. Indi isə daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi yəqin, bunun bir qədər “qanuniləşdirilmiş” formasıdır. Buna görə də, Dünya İqtisadi Forumu tərəfindən turizm, aviadaşımalar və səyahətlər üzrə hesablanan rəqabət reytinqində Azərbaycan heç ilk yüzə daxil olmağı bacarmır. Son bir neçə ildə ərəb turistlərinin hesabına ölkəyə gələn turist sayında bir qədər artım müşahidə edilsə də, ölkəmizə gələn turistlər dünya üzrə turistlərin cəmi 0,003 faizini təşkil edir. Kiçik bir Kipr Türk Cümhuriyyəti bu sahədən ildə 2 milyard dollar qazandığı halda, ölkəmizdə bu rəqəm 100 milyon dollardır. Turist cəlb etmək üçün ölkənin təbii və tarixi zənginlikləri nə qədər vacib rol oynasa da, bir o qədər də ictimai-iaşə sektorundakı qiymətlərin aşağı olması vacibdir. Məsələn, Azərbaycanın lüks otellərində sutkalıq qonaqlama qiyməti minimum 1000-2000 manatdır. Halbuki Amerikada 1 həftəlik səyahət vətəndaşımıza gediş-gəliş xərcləri ilə birgə maksimum 5000-6000 manata başa gələ bilər. Birləşmiş Ərəb Əmirliklərində bir həftəlik istirahətin qiyməti 1500 manatdır. Türkiyənin Antalya kimi tanınmış turizm bölgəsində bir həftəlik “all inclusive” istirahət xərci 600-900 manat arasında dəyişir”.

Ekspert turizm sahəsində əsas problemlərə diqqət çəkərkən onu da vurğulayıb ki, Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmətlərin səviyyəsinin aşağı olması başlıca nöqsanlardır:

“Hökumət qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi turizmi seçdiyi halda, bu sektorun inkişafı üçün real addımlar atmaması bir tərəfə qalsın, hələ üstəgəl, gələn insanları da ölkədən çəkindirirlər. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər yerli və xarici turistlər üçün optimal həddə endirilməlidir. Qiymətlərin süni artırılması yerli vətəndaşlarımızın, o cümlədən də turistlərin hüquqlarını pozur. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18 faiz həcmində əlavə dəyər vergisi (ƏDV) tutulur. Dolayısilə qiymətlərin baha olmasının bir digər səbəbi də budur. Bu sahəyə dövlət tərəfindən həvəsləndirici güzəştlərin edilməsi vacibdir. Nəzərinizə çatdırım ki, fransızların 90,6 faizi tətil üçün öz ölkələrini seçirlər. Bəs bizim vətəndaşlarımızın əksəriyyəti nədən tətil üçün xarici ölkələrə üz tutmalıdırlar? Orta və aşağı gəlirli vətəndaşlarımızın bütün turizm xidmət növlərindən faydalanması üçün imkanlar yaratmaq olmazmı? Bir neçə ailə fərdi ilə birgə hər hansı bir turistik məkana gedən sadə vətəndaş nə qədər xərcinin çıxacağını əvvəlcədən müəyyən edə bilmir. Adi 40 qəpiklik suyun əyləncə məkanlarında 2-5 manata satılması, vətəndaşlara 50 manatlıq çay dəsgahlarının təklif olunması və ya “bu məkanda yemək yeməyənlərə çay verilmir” deyilməsi isə biznes təfəkkürümüzün yüksək “inkişafından” xəbər verir. Halbuki, 2 nəfərlik 30 çeşid səhər yeməyi süfrəsinə Türkiyədə cəmi 25-36 TL (7-11 AZN) ödəmişdim. Qiymət özbaşınalığına son qoyulması üçün dövlət kompleks tədbirlər həyata keçirməlidir”.

Vüsalə Əhmədova inkişaf etmiş ölkələrin turizm təcrübəsindən də danışıb:

1950-ci ildə ilk olaraq İspaniyada tək tarifli (all inclusive) turizm konsepsiyası ortaya atıldı. Daha sonra, tarixi və təbiət baxımından heç bir cazibədarlığa malik olmayan Kariblərə 1960-1970-ci illərdə turist cəlb etmək üçün bu modelin böyük qatqısı oldmuşdu. Hazırda Türkiyə, İtaliya, Yunanıstan, Fransa, Tayland və Dominikan Respublikasında bu konsept geniş tətbiq edilir. Hətta son dövrlərdə Türkiyədə daha da inkişaf etdirilən “all inclusive” modeli digər ölkələrdəki nümunələrindən demək olar ki, fərqlənir. Nəzərinizə çatdırım ki, Türkiyə turizm sektoru terror aktları, baş verən güclü zəlzələ və qonşu ölkələrdəki hərbi əməliyyatlar səbəbilə 3 dəfə böyük böhran yaşadı. Bu böhranlardan çıxmaq üçün ölkənin əksər turistik müəssisələri 1990-cı ildən etibarən növbə ilə “all inclusive” konseptinə keçdi. Sistemin standartlaşdırılması üçün bir çox fikir ortaya atıldı, ölkənin Mədəniyyət və Turizm Nazirliyi isə yaratdığı peşəkar komanda ilə turistik müəssisələrin riayət edəcəkləri qaydaları müəyyən edərək sistemin standartlaşdırılmasını təmin etməyi bacardı. Hazırda bu model Türkiyədə “Klassik HD”, “İmperial HD”, “Maksimum HD” “Ultra Hight Class HD” konsepti olaraq bir neçə növə ayrılaraq tətbiq edilir. Bu günədək ölkə qazanclı çıxıb demək olar. “All inclusive” xidmət növündən otellər, səyahət agentlikləri, ölkənin ictimai iaşə sektoru, hər şeydən əvvəl isə müştərilər məmnun qalır. İstirahətin bütün büdcəsinin əvvəlcədən planlaşdırılmasına imkan yaranır ki, tətil zamanı əlavə xərclər ortaya çıxmır”.