PAYLAŞ
Nar vadisi

Bakıdan 113 km məsafədə yerləşən Hacıqabul rayonunun Meyniman kəndində, 40 hektar ərazidə salınmış nar bağı.

Nar vadisi” adlanan bu məkana yolumuz Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə həyata keçirilən aqrotur çərçivəsində düşmüşdü.

Nar vadisi

Məqsəd jurnalistləri, eləcə də Azərbaycandakı diplomatik korpusların nümayəndələrini “Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin əhatə etdiyi vadi ilə tanış etmək idi. Bizi nar bağının sahibi, vaxtilə Kanadada təhsil almış Rəşad Şirinov qarşıladı və ərazi barədə geniş məlumat verdi.

Onun sözlərinə görə, “Nar vadisi” təsərrüfatı 2009-cu ildə qurulub, 2012-ci ildən isə burada seleksiya yolu ilə yeni şirin nar növü – “Mina” əldə edilərək əkilib: “Bu nar xoş dada malikdir, süfrə sortu hesab edilir və onu soyuducuda uzun müddət saxlamaq mümkündür. Hər ağacdan 40-50 kq məhsul yığılır. Bu, 1 hektara 30 tona yaxın məhsul deməkdir. Bu il təsərrüfatdan 1 000-1 200 ton məhsul gözləyirik”.

Sahibkar qeyd edib ki, nar yetişdirmək xüsusi zəhmət tələb edir: “Yay aylarında nar ağaclarının üzərində 20-yə yaxın əməliyyat keçirilir. Ağaclar damcı üsülü ilə suvarılır, onlara gübrə verilir. Xüsusi məqamlardan biri narın çiçəklənmə dövründə kəpənəklərlə mübarizə aparılmasıdır. Bəzən bazarda satılan narlarda üzdən heç bir xəstəlik, zərbə olmadığını görürürk. Yəni, tam sağlam məhsul təsiri bağışlayır. Ancaq narı kəsəndən sonra içindən qurd çıxır. Buna səbəb nar çiçəkləyən dövründə kəpənəyin ora yumurta qoymasıdır. Narın ağzı bağlanandan sonra qurd içəridə qalır. Biz də bunun qarşısını almaq üçün mübarizə aparırıq. Bağın ərazisində kəpənəkləri tutmaq üçün işıq tələsi var. Gündəlik olaraq prosesi diqqətdə saxlayırıq”.

R.Şirinovun sözlərinə görə, xaricdən Azərbaycan narına, xüsusilə bu növə böyük maraq var, odur ki, Rusiyaya və ərəb ölkələrinə ixrac həyata keçirilir. “Bununla yanaşı, Almaniyaya ixracla bağlı danışıqlar aparılır. Gələcəkdə Asiya ölkələrinə də narımız çatdırıla bilər. İxrac prosesində narın qablaşdırılmasına xüsusi diqqət yetirilir. Nar nəmliyini tez itirir. Buna görə də, xüsusi qablarda ixrac edilir. Hazırda bağın böyüdülməsi istiqamətində çalışırıq. Çünki ölkədə yeganə tingçilik təsərrüfatları bizdədir. Bağda 300 minə yaxın ting yetişdiririk. Hazırda 42 nəfər bağda çalışır”.

P.S. Dünya bazarında nar Azərbaycanın simvollarından birinə çevrilməkdədir. Ölkəmiz ötən il 9,3 min ton nar ixrac edərək 12,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Quru subtropik iqlimə malik Şirvan bölgəsi nar yetişdirmək üçün ölkənin ən münasib yeridir. Azərbaycanda ən çox yayılmış nar növləri “Şəlli mələsi“, “Şahnar“, “Çəhrayı gülöyşə“, “Azərbaycan gülöyşəsi“, “Qırmızıqabıq“, “Bala Mürsəl“, “Nazikqabıq” və “Qırmızı vələs“dir.