Ev Turizm Xəbərləri AZƏRTAC-ın müxbirinin Türkiyə saytlarında Naxçıvanla bağlı məqaləsi yerləşdirilib

AZƏRTAC-ın müxbirinin Türkiyə saytlarında Naxçıvanla bağlı məqaləsi yerləşdirilib

sayt

Türkiyənin nüfuzlu “Milliyət” qəzetinin bloq səhifəsində (blog.milliyet.com.tr), eyni zamanda, bulturk.net, kesinkarar.com saytlarında AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Türk qapısı”, Oğuz yurdu Naxçıvan” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Azərbaycanın qədim diyarı olan Naxçıvanın Türk dünyası üçün mühüm geostrateji əhəmiyyətə malik olduğunu vurğulayır. Qeyd edir ki, bu gün üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan ölkəmizin qardaş dövlətlə yeganə torpaq sərhədinin olduğu məkan, Türk dünyasına açılan qapıdır. Məhz buna görə də böyük siyasi xadimlər “Şərqin qapısı”nı həm də “Türk qapısı” adlandırıblar.

Məqalədə bildirilir ki, milli məsələlərlə bağlı tarixi-siyasi proseslərdə daim aparıcı mövqedə dayanan bu qədim oğuz yurdu qədim dövlətçiliyimizin saxlanc yeridir. Burada tarixə iz qoyan mühüm dövlətlər yaradılıb ki, onlardan biri də Türkiyənin İğdır və Qars vilayətlərini əhatə edən Araz-Türk Cümhuriyyətidir. Qardaş ölkənin düşməndən azad olmasına yol açan Milli Qurtuluş Savaşının qabaqcıl nümayəndələrinin də tövsiyəsi ilə yaradılan bu dövlət həm də daha böyük miqyasda milli mücadilənin aparılmasının əsas strategiyasının hazırlanmasında xüsusi rola malik olub.

Naxçıvanın muxtariyyət məsələsinə də toxunan müəllif yazır ki, qədim diyarın bu statusu qazanması Behbud ağa Şahtaxtinski və Əli Səbri Qasımovun yorulmaz fəaliyyəti, iki qardaş ölkənin birgə səyi nəticəsində mümkün olub. Beynəlxalq Moskva və Qars müqavilələri onun muxtar respublika kimi Azərbaycanın tərkibində qalmasını şərtləndirməklə yanaşı, həm də ərazi bütövlüyünü təmin edib. Bu, ölkələrimizə qarşı torpaq iddiaları səsləndirən ermənilərə də hər iki dövlətin sarsıdıcı zərbəsi olub.

Məqalədə vurğulanır ki, qədim diyarın qurucu rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamına əsasən ötən il muxtariyyətin 95 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib. Ötən il həm də Naxçıvan Sazişinin 10 illiyi bir sıra ölkələrdə qeyd olunub, bu diyarın adı qürurla çəkilib. Bu sazişlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyulub. Beləliklə, “Türk qapısı” olan Naxçıvan türk birliyinin möhkəmlənməsinə də öz tarixi töhfəsini verib. İki il bundan əvvəl Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Muxtar respublikada elmin və təhsilin inkişafında əldə edilən nailiyyətlər imkan verir ki, gələcəkdə burada ilk Türk Universiteti yaradılsın.

Müəllif yazır: “Türk dünyasının bu strateji məkanının işğaldan qorunması və inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1990-cı ildən başlayaraq məhz dahi şəxsiyyətin həyata keçirdiyi tədbirlər nəticəsində Naxçıvan işğal təhlükəsindən xilas olub. Ulu Öndərin layiqli davamçıları ötən illər ərzində muxtar respublikanın inkişafı üçün bütün lazımi tədbirləri həyata keçiriblər”.

Sonda məqalədə qeyd edilir ki, bu gün güclü infrastruktura, turizm potensialına malik olan Naxçıvan beynəlxalq tədbirlərin keçirildiyi məkandır. İslam dünyasında özünəməxsus yerə malik olduğuna görə Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, eyni zamanda, burada aparılan uğurlu gənclər siyasətinin nəticəsi olaraq Azərbaycanın Gənclər Paytaxtı olub. Müəllif əminliklə vurğulayıb ki, önümüzdəki illərdə Naxçıvan Türk Dünyasının Mədəniyyət Paytaxtı adına da layiq görüləcəkdir.