“Həm cənub qonşumuz İran, həm də şimal qonşumuz Rusiya tərəfdən böyük imkanlar açılır və biz mütləq onlardan istifadə etməliyik”.
Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
“Gələcək illər üçün biz qabağımıza bir neçə məqsəd qoymuşuq. Turistlərin sayının artırılması ilə yanaşı, onlar üçün hazırladığımız məhsulların keyfiyyətinin artırılması gözlənilir. Qarşımızda çətinliklər var ki, onların öhdəsindən gəlməyə çalışacağıq, eyni zamanda qarşımızda əlverişli vəziyyət yaranıb ki, biz onlardan maksimum şəkildə yararlanmalıyıq”, – o qeyd edib.
Baş direktorun sözlərinə görə, turizm sənayesini irəli aparmaq üçün bazar iştirakçıları birgə fəaliyyət göstərməlidir: “Yalnız birlikdə çalışaraq problemləri həll edə və turizm sənayesini irəli apara bilərik. Bu günlərdə bir saytda xəbər çıxmışdı biz Rusiyadan gələn qonaqları qarşılaya bilməyəcəyik. Amma mən hesab edirəm ki, bizim həm keyfiyyət cəhətdən, həm də bütün başqa cəhətdən onları qəbul etməyə imkanımız var. Bizim üçün ən vacib olan şey müxtəliflikdir və bunun üçün icraiyyə komitəsinin nəzdində bir neçə rəqib şirkətin nümayəndəsinin olması çox vacibdir. Çünki bir yerdə onlar turizm sənayesini irəli apara biləcəklər”.