Martın 13-də İstanbulda yerləşən, dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, iyunun 13-dək davam edəcək sərgi “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi çərçivəsində baş tutub. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə hazırlanıb.
Üç ay davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə, eyni zamanda, muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.
Türk və İslam Əsərləri Muzeyinin direktoru Seracettin Şahin bildirib ki, tədbirin keçirilməsində əsas məqsədin iki qardaş ölkə arasında tarixi əsərlərin tanıdılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd edilib ki, hazırda İstanbuldaki muzeydə fərqli dövrlərə aid 100-ə yaxın Azərbaycan xalçası saxlanılır.
Layihənin iki il ərzində ərsəyə gəldiyini deyən Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirin davamının Bakıda keçiriləcəyini bildirib. Bu xalçaları türk xalqlarının ortaq mirası adlandıran Ş.Məlikova Azərbaycan xalçalarının dünyanın müxtəlif muzeylərində nümayiş etdirildiyini vurğulayıb. Ölkəmizdə xalçaçılıq sənətinə göstərilən qayğı və diqqətdən danışan muzeyin direktoru deyib: “Dünyada ilk Xalça Muzeyi məhz Azərbaycanda açılıb. Bugünkü tarix bizim üçün çox əlamətdardır. Belə ki, 10 il əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə Xalça Muzeyinin yeni binasının təməli qoyulub və 2014-cü ildə binanın açılışı olub”.
Sonra Azərbaycan Xalça Muzeyinin 50 illik fəaliyyətini özündə əks etdirən kitab İstanbul, türk xalçaçılığının 100 illiyinə həsr olunmuş nəşr isə Azərbaycan xalça muzeyinə hədiyyə edilib.
Açılış tədbirində Azərbaycan xalçalarının kitab-kataloqunun təqdimat mərasimi də keçirilib.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş katibi Asəf Hacıyev, ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, ictimaiyyət, mədəniyyət və media nümayəndələri iştirak ediblər.