Ev Ölkələr Azərbaycan Azərbaycana gələn turistlər daha çox bu rayonlara səfər edirlər

Azərbaycana gələn turistlər daha çox bu rayonlara səfər edirlər

  Bölglərdə turizmin inkişafı

Azərbaycanda paytaxtda, o cümlədən  bölgələrdə turizmin inkişafı istiqamətində müxtəlif tədbirlər keçirilir, treninqlər, təlimlər təşkil edilir. Hazırda yay fəslinin ən qaynar dövrünü yaşayırıq. Məlumdur ki, avqust turizm sahəsinin daha çox canlandığı aydır.

Turistlər

Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələnlər dincəlmək üçün regionlara üz tuturlar.

Maraqlıdır, turistlər daha çox hansı bölgələrə üz tuturlar?

Şamaxı, İsmayıllı, Qəbələ, Şəki…

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov  turistlərin dincəlmək üçün daha çox şimal-qərb zonasına müraciət etdiklərini deyib: “Turistlər infrastruktru yüksək olan, daha yaxşı təşkil olunmuş, müxtəlif tipli hotelləri olan bölgələrə  üz tuturlar. Bunlardan da ən yaxşısı şimal-qərb zonasıdır.

Şamaxı

Bura Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, daha sonra Quba-Qusar zonası daxildir. Növbəti sıralarda isə cənub zonasını, yəni Lənkəran, Masallı, Leriki qeyd etmək olar. Əsasən, ərəb və rus millətindən olan turistlər ilk növbədə şimal və şimal-şərq zonalarına gedirlər. Arzu edərdim ki, onlar nəinki şimal-şərq, şimal-qərb, həm də cənub zonasına da çox üz tutsunlar.

İsmayıllı

Lerikdə “Relax”dan başqa yüksək səviyyəli hotellər də inşa edilsə, yaxşı olardı. Aldığımız məlumata görə, hazırda Lənkəranda bir neçə hotel tikilir. İnanırıq ki, bu hotellər də gələcəkdə turizm marşrutları sırasına salınacaq”.

Qəbələ

“Bölgələrdə turistlərə göstərilən xidmətlər istənilən səviyyədə deyil”

M.Ağakərimov bölgə turizminin  hazırkı səviyyəsindən də söz açıb: “Bölgə turizmi keçən illərə nisbətən daha çox inkişaf edib. Lakin  bununla yanaşı, biz eyni yerdə addımlamamalıyıq. Həmin bölgələrdə müxtəlif tipli hotellər, mehmanxana müəssisələri tikməli, qida kefiyyətinə nəzarət etməliyik. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə deyil.  Xidmət səviyyəsi ilə yanaşı, həmçinin qiymətlər müvafiq olarsa, Azərbaycan əhalisi də öz bölgələrimizdə istirahətə üstünlük verəcək. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası baxırlar. Əgər belə olmasaydı, bu söhbət uzun müddətdir, belə davam etməzdi. Radikal tədbirlər görülməlidir.

Şəki

Bölgələrdəki turizm səviyyəsi heç olmasa qardaş Türkiyədəki kimi olmalıdır.  Deməli, haradasa boşluq var və bu işi düzgün aparmırıq.

Hazırda regionlarda turizm peşə məktəbləri fəaliyyət göstərir. Deməli, onların da işi hələlik yüksək səviyyədə deyil. İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəkidə turizm üzrə kurslar keçirilir. Lakin istədiyimiz səviyyədə deyil. Ya müəllimlərin səviyyəsi, ya da proqramlar qeyri-qənaətbəxşdir”.