Ev Turizm Xəbərləri Azərbaycana gələn və gedən turistlərin sayında ziddiyyətli rəqəmlərə görə məsuliyyət kimin üzərindədir…

Azərbaycana gələn və gedən turistlərin sayında ziddiyyətli rəqəmlərə görə məsuliyyət kimin üzərindədir…

turizm

“Ölkəyə gələn və ölkədən gedən turistlərin sayını dəqiqləşdirmək birbaşa Dövlət Turizm Agentliyinin işidir”

Turizm şirkətləri istədikləri rəqəmləri söyləyə bilərlər, məsələ burasındadır ki, onlar statisika aparmır və bu halda onların məlumatları dəqiq ola bilməz

Son illər Azərbaycan turizm üçün əlverişli ölkələrdən biri kimi xarici turistlərin diqqətini çəkir. Bu gün ölkəmizin istənilən şəhərində, rayonunda müxtəlif ölkələrdən gələn xarici tursitlərə rast gəlmək olur.

Ölkəmizə gələn turistlərin sayı daha çoxdur, yoxsa ölkəmizdən xarici ölkələrə gedənlərin?

Bu sual ətrafında araşdırma apardıqda qarşımıza olduqca ziddiyyətli rəqəmlər çıxır. Məsələn, həftə ərzində yayılan informasiyaları saf-çürük etdikdə görürük ki, tutalım, Dövlət Statistika Komitəsi ölkəmizə gələn turistlərin sayının daha üstün olduğunu qeyd edir, başqa bir qurum isə əksini bildirir. Yaxud Dövlət Turizm Agentliyi bir rəqəm açıqlayır, ardınca başqa bir şirkət fərqli bir mənzərə ilə bizi qarşılaşdırır. Bu sahədə informasiyanın dağınıq, pərakəndə və ziddiyyətli olması ictiamiyyətdə, elə medianın özündə də bir çaşqınlıq, bir qeyri-müəyyənlik yaradır.

Məsələyə münasibət bildirən Turizm və Menicmentlik Universitetinin kafedra müdiri, turizm sahəsi üzrə azsaylı mütəxəssislərdən biri Bahadur Bilalov baki-xeber.com-a bildirdi ki, ölkəyə gələn və ölkədən gedən turistlərin sayının ziddiyyətli olması həqiqətən də ürəkaçan fakt deyil. O hesab edir ki, bu sahədə informasiya verilərkən onun səhihliyinə əhəmiyyət verilməlidir. “Hesab edirəm ki, şirkətlərin yaydığı rəqəmlərə inanmaq lazım deyil. Turizm şirkətləri istədikləri rəqəmləri söyləyə bilərlər, məsələ burasındadır ki, onlar statisika aparmır və bu halda onların məlumatları dəqiq ola bilməz. Bu istiqamətdə daha səhih və dolğun məlumatı Dövlət Statistika Komitəsi və Dövlət Turizm Agentliyi verir. Əvvəllər bu sahədə statistika aparan Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi idi. Əslində, bu qurumların da turistlərlə bağlı rəqəmləri üst-üstə düşmürdü. Ancaq keçən ilin aprel ayından Dövlət Turizm Agentliyi yarandı. Bu qurumun özünün statistika bölümü var və onlar artıq bu işlə də məşğul olurlar. Onlara müraciət edilməsi nəticəsində daha dəqiq informasiya almaq mümkündür”.

O təəssüflə qeyd etdi ki, bu sahədə yayılan yanlış informasiyalar cəmiyyətdə çaşqınlıq yaradır. B.Bilalovun sözlərinə görə, ölkəyə gələn və ölkədən gedən turistlərin sayının dəqiqləşdirilməsi birbaşa Dövlət Turizm Agentliyinin işidir, bu sahə ilə bağlı ictiamiyyətə bu qurum məlumat verməlidir:”Ölkəyə gələn və ölkədən gedən turistlərin sayını dəqiqləşdirmək birbaşa Dövlət Turizm Agentliyinin işidir. Onlar bu barədə araşdırma aparırlar.

Amma tendensiya onu göstərir ki, ölkədən gedən turistlərin sayı ölkəyə gələn turistlərin sayından hələ ki, üstünlük təşkil edir. Təəssüf ki, bu belədir. Lakin ildən-ilə ölkəmizə gələn turistlərin sayında artım var. Xüsusən də yeni-yeni ölkələr bu prosesə qoşulur. Deyək ki, 10 il bundan əvvəl maksimum 20 xarici ölkədən ölkəmizə turist gəlirdisə, indi artıq bu siyahı 100-ü keçib”.