Bu ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42 min nəfər və yaxud 13,2% çoxdur.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xarici turistlərin 111 min nəfərini Rusiyadan gələnlər təşkil edib. Bu, illik müqayisədə 9,3% çoxdur.
Son 1 ildə İrandan Azərbaycana səfər edənlərin sayı isə 82,2% artaraq 37 min nəfər çatıb.
Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 min nəfər olub ki, bu da 20% artım deməkdir.
Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb.
Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb.
2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min nəfər) və Gürcüstan (472 min nəfər) vətəndaşlarının payına düşür.
Xüsusilə Gürcüstandan gələnlərin sayında 22,8% və yaxud 87 min artım müşahidə edilib.
Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4% və 38,1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.