Ev Turizm Xəbərləri Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti fəaliyyət göstərir

Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti fəaliyyət göstərir

Azərbaycan

İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ilə görüşüb.

Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi önəmini qeyd edib. 

Görüşdə bildirilib ki, ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb.40-a yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyənnamə imzalanıb. Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurası ölkələrimiz arasında əlaqələrə töhfə verir.

Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu qarşılıqlı əlaqələrin inkişafına verilən önəmin göstəricilərindəndir.

Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78%-i Azərbaycanın payına düşür.

2018-ci ildə ölkəmizin xarici ticarətində Avropa İttifaqının payı isə 42% təşkil edib.

Ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Avstriyanın tərəfdaşlığı ilə 5 tvinninq layihəsindən 4-ü artıq icra olunub, 1 layihə üzrə işlər isə davam etdirilir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm, əczaçılıq və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Həyata keçirilən tədbirlər, biznes-forumlar, işgüzar görüşlər bu potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynayır. Bu ilin mayında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda hər iki tərəfdən iştirak edən iş adamları qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin böyük tranzit imkanları barədə məlumat verən İqtisadiyyat naziri Şahin Mustafayev Avstriya şirkətlərini bu imkanlardan yararlanmağa, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.

Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu vurğulayan Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. İqtisadi sahədə Avstriya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.