Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycanda aktiv turizm – paraşüt, paraplan və xizəkçilik

Azərbaycanda aktiv turizm – paraşüt, paraplan və xizəkçilik

Tufandağ

Hazırda turizmin bir neçə növünü birləşdirən kombinə edilmiş turlar getdikcə daha geniş yayılır. Məsələn, çimərlik istirahətini aktiv turizmin piyada gəzinti, velosiped sürmək, dağlara asanlıqla qalxmaq, balıq tutmaq və digər növləri ilə birləşdirmək olar.

Sizi Azərbaycanda aktiv turizmin daha geniş yayılmış növləri ilə tanış edirik.

Səmada aktiv istirahət

Paraşüt. Son samanlar paraşütlə tullanma Azərbaycanda getdikcə populyarlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, ”Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək. Onlar sizin təcrübənizdən və yerin relyefindən asılı olaraq müxtəlif tullanma növləri təklif edə bilərlər. Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları var. 

Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.

Klublar əvvəlcə Bakıda paraşütlə tullanma həvəskarlarından ibarət qrup toplayır və onu Balakəndəki mərkəzə göndərir. Burada 3-5 saat davam edən nəzəri və praktiki hazırlıq keçdikdən sonra paraşütlə tullanmaq olar.

Paraşüt

Paraplan. İdarəolunan paraşütü xatırladan paraplanla uçuş aktiv istirahət həvəskarları və romantiklər üçün heyrətamiz və həyəcanverici hədiyyə olacaq. Bu, həmçinin ətrafı quş uçuşu yüksəkliyindən görmək və lentə almaq üçün əla fürsətdir.

Təlimatçı ilə birlikdə səmaya qalxmaq daha təhlükəsizdir. FAIREX-ə daxil olan bir neçə klub paraplanla uçuş həyata keçirir. Onların arasında “Gilavar”, “RockStone”, “Climb Club” və digərləri var. Bundan başqa, bu yaxınlarda Qusardakı “Şahdağ” Turizm Mərkəzində də təlimatçı ilə birlikdə paraplanla uçuşlara başlanılıb. Siz burada quş uçuşu yüksəkliyindən valehedici dağ mənzərələrini görə bilərsiniz.

Bir qayda olaraq, uçuşun start nöqtəsi Azərbaycanın çoxsaylı təpələrindən birinin ətəyində yerləşən yüksəklikdən başlanır. Məsələn, Bakı-Şamaxı trasının 30 və 60 kilometrliyi arasındakı hissədə, Zaqatala, Qusar və başqa rayonlarda paraplanla uçuşlar yerinə yetirilir.

Peşəkar təlimatçı tərəfindən idarə olunan paraplan 20-30 dəqiqə uçduqdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir.

Paraplanı müstəqil idarə etmək üçün sizin lisenziyanız olmalıdır. FAIREX-in klublarında müvafiq təlimlər keçirilir və onların yekununda paraplanı müstəqil idarə etmək üçün lisenziyalar verilir.

Siz, həmçinin motoparaplan – mühərriklə təchiz edilmiş və uçuş zamanı geniş manevr imkanı verən paraplanla da uça bilərsiniz.

Deltaplan. İki nəfər – sərnişin və pilot üçün nəzərdə tutulan daha bir rahat uçuş aparatıdır. Təcrübəli təlimatçı uçuşu idarə etdiyi zaman siz aşağıdakı gözəl mənzərəni seyr edə bilərsiniz. Deltaplan səmada unikal ekskursiya və quş uçuşu yüksəkliyindən əsrarəngiz Azərbaycan təbiətinə tamaşa etmək imkanı verir. Bu aktiv əyləncə növləri ilə FAIREX-in “Simurg”, “Gilavar”, “Berkut” və digər klublarında məşğul olmaq mümkündür.

Quruda aktiv istirahət

Dağ xizəkçiliyi istirahəti. Bakının yerləşdiyi Abşeron yarımadasında qış mövsümü havanın temperaturunun 4-6 dərəcə isti olduğu mülayim iqlim şəraitində keçir. Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər isə Qusar və Qəbələ rayonlarının dağlıq ərazilərinə gedirlər. Buradakı beynəlxalq səviyyəli iki kurortda – “Şahdağ” və “Tufandağ”da qış turizmi üçün hər cür şərait yaradılıb. 

Xizək

İlboyu fəaliyyət göstərən bu dağ kurortları xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələrinin tam spektrini təqdim edir.

“Şahdağ” Turizm Mərkəzi

Azərbaycanda ilk dağ-xizəkçilik kurortu olan “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışlar keçirmək, habelə ilin bütün fəsillərində istirahət etmək olar. Mərkəzin geniş ərazisində 5 otel, müxtəlif mürəkkəblik dərəcəsi olan 14 xizəkçilik trası, qaldırıcılar və kanat yolları, buz meydançası, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, xizəkçilik məktəbi, kafe və restoranlar, digər turizm obyektləri fəaliyyət göstərir. Şahdağın 2500 metr yüksəklikdəki ən uca zirvəsində isə istirahətə gələnlərin kanat yolu ilə gedəcəyi “Mountain Top” adlı fırlanan restoranın tikintisi başa çatır. 

Xizək

Kompleks noyabrın ilk günlərindən xizək sürmək istəyən ilk qonaqlarını qəbul edir, qış mövsümü isə aprelin əvvəlində sona çatır.

“Tufandağ” Xizəkçilik Kompleksi

Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşən “Tufandağ” Xizəkçilik Kompleksi öz imkanlarına görə “Şahdağ” Turizm Mərkəzindən heç də geri qalmır. Burada da həvəskarlar və peşəkarlar üçün nəzərdə tutulmuş çoxlu sayda xizəkçilik trası, kanat yolları, xizəkçilik məktəbi, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, idman malları mağazası, kafe və restoranlar, dəbdəbəli otellər fəaliyyət göstərir. Zərurət yarandıqda qar örtüyü süni qarla qorunub saxlanılır. 

“Tufandağ” Xizəkçilik Kompleksi gün ərzində 3 mindən çox insana xidmət göstərə bilər.