Ev Turizm Xəbərləri Azərbaycandan İrana ziyarət turları davam edirmi?

Azərbaycandan İrana ziyarət turları davam edirmi?

İran

Çin Xalq Respublikasında aşkar edilən və son günlər qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dünyanın bir çox ölkələri – Pakistan, Əfqanıstan, Türkiyə, İordaniya, İraq, Gürcüstan və Ermənistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəd məntəqələrini bağlayıb. Eyni zamanda Azərbaycan da İranla gömrük sərhəd keçid məntəqələrində müəyyən məhdudiyyətlər tətbiq edib.

Bəs, görəsən, Azərbaycandan İranın müqəddəs şəhərlərinə ziyarət turları təşkil edən şirkətlər səfərlərini davam etdirirmi?

Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, müqəddəs şəhərlərə ziyarət turları turizm şirkətləri tərəfindən həyata keçirildiyindən Dövlət Komitəsinin ziyarət səfərlərinə hər hansı məhdudiyyət qoymaq kimi səlahiyyəti yoxdur.

“Report”un araşdırması nəticəsində məlum olub ki, Azərbaycanda bəzi turizm şirkətləri İrana ziyarət turlarını təxirə salmayıb, bəziləri isə səfərləri ləğv edib.

“Salam Tour” şirkətindən “Report”a bildirilib ki, hazırda İrana ziyarət səfərləri mart ayı üçün nəzərdə tutulub: “Novruz bayramı ərəfəsində İrana ziyarət turlarımız var. O zamana qədər əgər koronavirusla bağlı problemlər dəf olsa, səfərlərimiz baş tutacaq. Əks halda, turlar təxirə düşəcək. Səfərlər təxirə düşdüyü təqdirdə bizim turların iştirakçısı olmaq üçün müraciət edən şəxslərin etdikləri ödənişlər də geri qaytarılacaq”.

“Furqan Travel” şirkətindən isə “Report”a bildirilib ki, hazırda şirkət İrana ziyarət turlarını həyata keçirir:

“İranla gömrük-sərhəd-keçid məntəqələrimiz tam bağlanmayıb. Gediş-gəlişlər müəyyən saatlarda həyata keçirilir. Sadəcə olaraq, sərhəddə insanlara zəruri deyilsə, İrana səfər etməmələri barədə tövsiyələr verilir. Fevralın 23-də Birləşmiş turizm şirkətləri tərəfindən Azərbaycandan İrana ziyarət səfərlərinə qruplar çıxıb. Onlar sağ-salamat İrana çatıblar. Heç bir problem də yoxdur. Bu gün də yeni qruplar çıxmalıdır. Sadəcə olaraq ziyarətlər zamanı Qum şəhərinə və ətrafına gedişlər dayandırılıb”.

“Peak Travel” şirkətindən də “Report”a verilən məlumata görə, şirkət sentyabrın 22-də İrana ziyarət turları təşkil etsə də, səfərlər koronavirus epidemiyasının yayılması şübhəsi ilə təxirə düşüb:

“Biz mütəmadi olaraq İranla əlaqə saxlayırıq. Bizə dedilər ki, gediş-gəliş bağlanıb. Ona görə də səfərlərimizi təxirə saldıq. Buna görə də ziyarətə getmək üçün bizə müraciət edənlərin etdikləri bütün ödənişləri geri qaytarıldı. Həmin şəxslərə real vəziyyəti izah edib başa saldıq. Problemlər aradan qaldırılandan sonra turlara yenidən start veriləcək”.

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Qonşu İranda isə bu xəstəlikdən ölənlərin sayı 18 nəfərə çatıb. Ümumilikdə, bu ölkədə koronavirusa 28 yoluxma halı qeydə alınıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi koronavirusun yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edib. Qeyd olunub ki, hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.