Biz necə də gözəl ölkədə yaşayırıq: bir neçə iqlim zonası, multikultural ənənələr, zəngin tarixi və təbii irs Azərbaycanı turizm üçün həqiqətən bitməz-tükənməz imkanlar diyarına çevirir. Səyahətçiləri burada nə qədər maraqlı kəşflər gözləyir!
Bilirsinizmi ki, məsələn, respublikanın Masallı rayonunda banan yetişir və krablar (onayaqlı dəniz xərçəngi) yaşayır, yaxud dünyanın ən qədim kərə yağı İsmayıllının diyarşünaslıq muzeyində saxlanılır və ya Şamaxıda yeni musiqi aləti ixtira edilib, Xınalıqda isə qar adamla üz-üzə gələn ovçu yaşayır?!
Bu və digər əyləncəli, bəzən isə müəmmalı faktlar barədə sizi bu gün məlumatlandırmaq istəyirik.
Gəncənin əzəmətli parkı və Masallı möcüzələri
Azərbaycan burada heç olmasa bir dəfə olmuş adamı məftun edir. “Odlar Yurdu”nda ilk dəfə olan turistlər bir səslə deyirlər ki, səfər onlar üçün əsl kəşf olub – Azərbaycan isə onların qarşısında parlaq rəngləri ilə nadir brilyant kimi bərq vurub. Səyahətçilər Bakının mərkəzindəki Qız qalasını, Şəki xanları sarayının Venesiya şüşələrinin gözqamaşdırıcı parıltısını və bəşər sivilizasiyasının beşiyi – minlərlə heyrətamiz petroqliflərin həkk olunduğu Qobustan qayalarını buradan ayrıldıqdan sonra hələ xeyli müddət xatırlayırlar. Lakin Azərbaycanın geniş şöhrət tapmış görməli yerləri ilə yanaşı, bu və ya digər şəhər və rayonunda turistləri hələ nə qədər heyrətamiz tapıntılar gözləyir.
