Ev Turizm Xəbərləri Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər

Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər

Qastroturizm

Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasını təmsil edən aşpazlar Birləmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən kulinariya çempionatında 1 diploma, 5 bürünc və 1 gümüş medala layiq görülüblər.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə İstinadən xəbər verir.

Məlumata görə, müxtəlif ölkələrdən 50 komandanın mübarizə apardığı çempionat dekabrın 9-11-də baş tutub.

Azərbaycan nümayəndə heyəti çempionatda Dövlət Turizm Agentliyinin təşkilatçılığı və dəstəyi ilə iştirak edib.

Qeyd edək ki, “SIAL Middle East 2019” qida sərgisi çərçivəsində, Ümumdünya Usta Aşpazlar Birlikləri Assosiasiyası (WACS) və BƏƏ Aşpazlar Gildiyası tərəfindən təşkil edilən yarışmada Azərbaycanı 1-i hakim olmaqla, 4 aşpaz təmsil edib.

Komandanın rəhbəri Orxan Muxtarov Azərbaycanın qastronomiya destinasiyası kimi təqdimatı və milli kulinariyamızın təbliği məqsədilə növbəti il də bu növ tədbirlərdə iştirak üçün müvafiq beynəlxalq təşkilatlara müraciət ediləcəyini bildirib.

Xatırladaq ki, 2009-cu ildən bəri hər il keçirilən “SIAL Middle East 2019” beynəlxalq qida sərgisidir. Yaxın Şərq bölgəsində qida və içki sektoru üzrə, eləcə də qonaqpərvərlik sənayesində ən böyük tədbirlərdən biri hesab olunur.

28 mindən çox insan tərəfindən ziyarət edilən sərgiyə 40-dan çox ölkədən 1000-ə yaxın iştirakçı qatılır. 30-dan çox ölkə milli pavilyonla təmsil olunur.