Azərbaycanda yaradılacaq turizm polisi Turistlərə Yardım Mərkəzinin tərkibində olacaq. Bu mərkəz özündə 3 əsas komponenti birləşdirir. Birincisi, ölkə boyu turistlərin zəng edə biləcəyi vahid qaynar xəttin, ikincisi online portalın yaradılmasıdır. Turistləri maraqlandıran suallar və cavablar mərkəzin əməkdaşları ilə birbaşa canlı ünsiyyət, online kommunikasiya imkanları ilə təqdim olunacaq. Üçüncü məqam fiziki məkanla bağlıdır. Bununla əlaqədar Bakının mərkəzində ofis fəaliyyət göstərəcək.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
Qurum rəsmisinin sözlərinə görə, həmin ofisdə əlaqədar qurumların əməkdaşlarının iştirakı ilə xidmət mərkəzi qurulacaq. Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Mədəniyyət Nazirliyi bu işdə təmsil olunacaqlar.
“Mərkəzin ofisinin iki komponenti olacaq. Biri turistlərə məlumatın verilməsi, digəri turistlərin hər hansı dövlət qurumu ilə bağlı xidmətə ehtiyacı varsa, məsələn, vizasını uzatmaq istəyir, sağlamlıqla bağlı problemi var və ya qida zəhərlənməsi şikayəti varsa, həmin şəxs quruma üz tutacaq və ya zəng edəcək. 8 quruma onların şikayətləri, almaq istədiyi xidmətlər kommunikasiya ediləcək və həmin müraciətlər son ana qədər izləniləcək. Binanın olacağı yer və İT strukturu ilə bağlı işlər yekunlaşdıqdan sonra mərkəz fəaliyyətə başlayacaq”.
M.Muradov əlavə edib ki, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq əsasında həyata keçirilən pilot layihə Bakı şəhəri üçün nəzərdə tutulur.
“Müəyyən nöqtələrdə Daxili İşlər Nazirliyinin əməkdaşları olacaq. Onlar turistlərə yardım edəcəklər. Əsasən dil baryeri olmayan işçilər seçiləcək, biz tərəfdən isə onlara treyninqlər keçiriləcək“.
Qurum rəsmisinin sözlərinə görə, layihənin tətbiqi üçün ilkin mərhələdə 20-25 polis əməkdaşı seçiləcək.