Ev Turizm Xəbərləri Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı

Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı

Batumi

Bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayıb. 

Reysin açılış mərasimi baş tutub.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib ki, Batumiyə reysin açılması mühüm hadisədir:

Birbaşa reyslərin olması iki ölkə arasında turizm sahəsinin inkişafına daha da dəstək verəcək. Batumi turizm şəhərdir. Əminəm ki, ora gedən insanlar çox gözəl vaxt keçirəcəklər”.

Bu lou-kosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turizm şəhəridir.  

Azərbaycan Hava Yollar” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlaması əlamətdar hadisədir:

“Bu yeni reysin istiqaməti iki ölkə arasında turizmin inkişafına şərait yaradacaq. Bu reysdən istifadə edən insanların sayının çox olması gözlənilir. Bu mövsümdə “Buta Airways”in açılan son reysidir. Şirkət bir neçə istiqamətdə öz reyslərini açıb. Şirkətin təklif etdiyi qiymətlər insanların büdcəsinə uyğundur”.

Aviaşirkətin digər istiqamətləri kimi, Bakı-Batumi istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.