Abşeron Milli Parkı Azərbaycan Prezidentinin Sərəncamı ilə 783 hektar ərazidə yaradılıb. Paytaxtdan 70 kilometr kənarda yerləşən Milli Park yerli və xarici turistlər üçün maraqlıdır.
Abşeron Milli Parkı ərazisindən hazırladığı reportaj zamanı ərazinin turizm imkanları ilə tanış olub. Qeyd edək ki, Milli Park ərazisinə gələn hər bir turist üçün rəhbərliyin müəyyən tələb və tövsiyələri var.
Milli Park ərazisində vəhşi heyvanlar məskunlaşdığı üçün turistlərdən ehtiyatlı olmaları tövsiyə edilir. Qeyd edək ki, gəzinti vaxtı Milli Parkda olan vəhşi heyvanların görünməsi ehtimalı yüksəkdir.
Park rəhbərliyinin tələbinə görə, ərazinin 6 kilometrlik məsafəsi avtomobillə gedildikdən sonra, Şahdilinə gedilən 2 kilometrlik yol piyada qət edilməlidir. Park rəhbərliyi bunun ərazidəki canlıların qorunması üçün edildiyini bildirir. Ərazidə endemik bitki növləri çoxluq təşkil edir.
Qeyd edək ki, ərazidə velosiped yolu da var. Piyada getmək istəməyən turistlərin velosipeddən istifadə etməsinə icazə verilir. Turistlər Park ərazisində tək canlı aləmlə deyil, eyni zamanda, keçmiş sovet ordusundan qalan hərbi bunkerlərlə də tanış ola bilirlər. Biz də marşrutumuzun üzərində olan bu bunkeri yaxından görmək istədik. Ancaq bunkerin içərisinə təhlükəsizlik səbəbindən girməyimizə icazə verilmədi. Bələdçinin verdiyi məlumata görə, hərbi bunkerlər 1970-ci illərdə sovet hərbçiləri tərəfindən istifadə olunub.
Bunkerin olduğu ərazidən uzaqlaşaraq yolumuza davam etdik. Qeyd edək ki, yol boyu müxtəlif heyvanların izlərinə rast gəldik. Bundan başqa Milli Park ərazisində ilanlar daha çox idi. Ərazidəki bələdçilər bildirdilər ki, parkda zəhərli ilan kimi yalnız gürzə qeydə alınıb. Digər ilanlar təhlükəli deyil. Bununla yanaşı Milli Parkda Xəzər suitisi, ceyran, canavar, çaqqal, su-bataqlıq quşları və digər canlılar var . 2 kilometrlik yolu qət edib nəhayət Şahdili ərazisinə çatdıq.
Şahdili burnu isə həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərə və təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur.
Bir rəvayətə görə, çox əvvəllər Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, o cümlədən də şahlar şikara gələrlərmiş. Ona görə də bu hissəni yerli əhali Şah dili adlandırarmış.
Qeyd edək açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz görünmür.
Nəhayət Abşeron Milli Parkındakı bir neçə saatlıq səfərimizi yüksək əhval-ruhiyə ilə başa vurduq.