Ev Turizm Xəbərləri Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunub

Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunub

turizm

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2020- Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunub.

Yanvarın 30-dan fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək. Əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Davamlı olaraq Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə edildiyini bildirən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib: “Türkiyə vətəndaşları ölkəmizə daha çox biznes məqsədilə səyahət edirlər. Hazırda biz bunu dəyişərək Azərbaycanı Türkiyədə turizm ölkəsi kimi tanıtmağa çalışırıq. Bildiyiniz kimi, ötən il Türkiyə vətəndaşlarının Azərbaycana vizasız səyahət etmələri barəsində, hər iki ölkə üçün çox vacib bir qərar qəbul edildi. Statistik rəqəmlər bu qərarın qardaş ölkə vətəndaşlarının ölkəmizə turistik səyahətlər etmələrinə təkan verdiyini göstərdi. Belə ki, ötən ilin oktyabr ayında artıq ölkəmizə gələn Türkiyə vətəndaşlarının sayında 24 faiz artım müşahidə edilib. Bu artımlar noyabr, dekabr aylarında da davam edib. Bizim fikrimizcə, bu, yeni imkanlar yaradır. Hazırda ölkəmizin Türkiyədə təbliğatını qarşıdan gələn “Novruz bayramı” istiqamətinə yönəltmişik. Bundan əlavə, AVRO-2020 futbol çempionatı da var ki, bildiyiniz kimi, Türkiyənin iki oyunu Bakıda keçiriləcək. Bu da Türkiyə vətəndaşlarının Azərbaycanı yenidən görmələrinə imkan yaradacaq”.

Qeyd edək ki, sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir. Dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.

2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub. Sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib. Bu da 2018-ci illə müqayisədə 8,6 faiz artım deməkdir.