Ölkəmiz Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.
10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması əsas məqsəddir. Yaxın Şərq regionu və Səudiyyə Ərəbistandan olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.
Sərgi 8 ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayır. Turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.
Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanda ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Bundan öncə isə ölkəmiz Yaxın Şərq regionunda Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması məqsədilə 25-27 martda BƏƏ-nin Əbu-Dabi şəhərində 13-cü “IBTM Arabia”da təmsil olunub. Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.