Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar.
İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-ın təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə israilli oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, “Əsrin müqaviləsi”nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.
Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu – “NASA Space Apps Challenge” keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Tazpit öz saytında AZƏRTAC-ın bununla bağlı informasiyasını da təqdim edib.
AZƏRTAC da öz növbəsində israilli həmkarlarının təqdim etdikləri materiallara saytında yer ayırıb. “İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir” sərlövhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsası qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövriyyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanda yəhudilərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.
Agentliyin digər informasiyası ölkə həyatında mühüm hadisədən – İsrail parlamentinə keçirilən təkrar seçkilərdən bəhs edir. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyənləşəcək. Eyni zamanda, hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunacaq.
İsrailli həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yanğınsödürənlərinin Amazonda meşə yanğınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.
Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Tazpit arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəd agentliklərin rəhbərləri Aslan Aslanov və Amotz Ayal tərəfindən imzalanəb. Xəbər, foto və video materialların mübadiləsini, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.