Koronavirusun yeni növünün yayılması qlobal iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən də turizm sektoruna ciddi zərbələr vurmaqdadır. Bu bölgə turizminə də öz təsirlərini göstərməkdədir. Azərbaycanlı turistlərin ən çox üz tutduğu Gürcüstanda koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olma şərtlərini sərtləşdirilib. Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul olunan qərara əsasən, Gürcüstana gedən və son 14 gün ərzində epidemiya riskinin olduğu ölkələrdə səfərdə olan yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar. Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir. Gürcüstana daxil olan şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar. Bu qərarın region turizminə təsirləri necə olacaq? Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu cür qadağa Rusiyada da tətbiq olunur: “Bu daha çox Rusiyanın Sibir əyalətlərinə aiddir. Miqrantlardan tələb olunur ki, onlar analiz versinlər və koronavirusun daşıyıcısı olub-olmamaları barədə tibbi arayış təqdim etsinlər. Bu yalnız virus riski yüksək olan ölkələrə gedən turistlərə deyil, bütün əmək miqrantlarına da şamil edilir. Gürcüstanda da belə bir arayışın tələb olunması başadüşüləndir. Həmin şəxslərin karantinə alınması mümkün riskləri azaldan haldır. Amma istənilən halda bu cür tədbirlərin həyata keçirilməsi turizmə mənfi təsir edir. Bu həm daxili turizmə, həm də turizm mübadiləsinə təsir edəcək. Bu yalnız risk faktoru yüksək olan ölkələrdən gələnlərə deyil, digər ölkə vətəndaşlarına da aiddir”. Ekspert bildirir ki, virus iqtisadiyyatın ən çox təsir etdiyi sahələrdən biri də turizm sektorudur: “Yaxın bir neçə aydan sonrakı göstəricilər Gürcüstanın bundan aldığı zərərin həcminin nə qədər olacağını göstərəcək. Son illərin statistikasına baxdıqda görürük ki, Gürcüstanda turizm axını yüksək idi – 7-8 milyon nəfərə qədər turist səfərləri baş verirdi, artıq ölkədə 10 milyondan artıq turist qəbul etməklə bağlı strategiyanı açıqlamışdılar. İndi koronavirusla bağlı olan durum ölkənin turizm sektoruna böyük zərbə vurmuş olacaq”. Azər Allhverənov deyir ki, Gürcüstanda qaydaların sərtləşdirilməsi Azərbaycana təsirsiz ötüşməyəcək: “Bu səfər turizminə mənfi təsirini göstərəcək. Çünki azərbaycanlıların xaricdə istirahət etməyə üstünlük verən böyük hissəsi Gürcüstana üz tuturdu. Amma hazırda artıq bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımızın sayında azalma müşahidə olunur. Ayrı-ayrı aidiyyatı qurumlarda keçirdiyimiz görüşlər zamanı məlum olur ki, Gürcüstan istiqamətində satılan turpaketlər üçün müraciət edən insanların sayında azalma müşahidə olunur”.