Turizm cənnəti
Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır.
Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.
Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növləri mövcuddur.
Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü mövcuddur.
Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, kruiz, ekoturizm və digər növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini nəzərə alaraq rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 çimərlik təşkil edilib, ətraf sahələrdəki 6 hektar ərazi təmizlənib, istirahət üçün gözəl şərait yaradılıb.
Pirallahı qəsəbəsində artıq müasir standartlara cavab verən turizm obyekti istifadəyə verilib. “F-Marine” adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Gələcəkdə belə mərkəzlərin sayı artırılacaq.
Rayonda su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, velosiped yollarının tikintisi nəzərdə tutulur.
Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur.