Sərnişin dövriyyəsi artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşür.
1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir.
Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”ın ən yüksək beş ulduzuna layiq görülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.