Bu gün Pakistan səfirliyində Pakistanın Sərhəd və Ticarət Palatasının “Biznes fəaliyyətində ən yaxşılar”ın mükafatlandırılması mərasiminin mətbuat konfransı keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə Pakistan Respublikasının ölkəmizdəki səfiri Səid Xan Mohmand, Pakistan Paxtunkva Assambleyasının spikeri Müştaq Əhməd Qəni, Sərhəd Ticarət və Sənaye Palatasının prezidenti Faiz Məhəmməd, İnformasiya naziri Şövkət Əli Yusafzai və vitse-prezidenti Zahid Şinvari iştirak edib.
Tədbir səfir Səid Xan Mohmandın nitqi ilə açılıb.
Səfir Azərbaycanla Pakistan arasındakı münasibətlərin, qarşılıqlı biznes əlaqələrinin inkişafından danışıb:
“Bakı Pakistanda çox məşhurdur. Bizi Azərbaycanla birləşdirən böyük tarixi bağlarımız var. Təsadüfi deyil ki, biz bu tədbiri ilk dəfə olaraq ötən il İstanbulda, bu il paytaxt Bakıda keçirmək qərarına gəldik. Biz Azərbaycanda əczaçılıq, sement, mərmər, qranit sahələrinə investisiya qoymaqda və iki dövlətin birlikdə turizminin inkişaf etdirilməsində maraqlıyıq”.
Prezident İlham Əliyevin Eko sammiti çərçivəsində Pakistana olan səfərinin əhəmiyyətindən danışan səfir ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib:
“Cənab İlham Əliyev ölkəmizə səfəri zamanı Pakistanla Azərbaycan arasında müqavilə imzalandı. İndi bizim boynumuza düşən bu müqavilənin praktikada reallaşmasına çalışmaqdır” .