Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır
“TurStat” Turizm Portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib. MDB-nin turistlər tərəfindən seçilən şəhərlərin ilk onluğuna Belarusda Minsk, Qazaxıstanda Astana və Almatı, Azərbaycanda Bakı, Özbəkistanda Daşkənd, Moldovada Kişinyov, Qırğızıstanda Bişkek, Tacikistanda Düşənbə və Ermənistanda Yerevan daxildir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiya arasında çox sıx inkişaf edən miqrasiya prosesləri var:
“Bunu biz ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. İldən-ilə Azərbaycana gələn miqrantların sayı artır. Bizim Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır. Azərbaycan rusiyalı turistlər üçün maraqlıdır. Müxtəlif stendlərin, sərgilərin təşkil olunması, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur. Düşünürəm ki, bu sahədə işi daha da gücləndirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb.