Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.
Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.
“İter Vitis Eutope” şərab marşrutu şirkətinin prezidenti Emanuela Panke çıxışında təşkilatın həyata keçirdiyi layihələr barəsində danışıb. Cari ildə şərab marşrutunun Qafqaz regionuna təsir edəcəyini söyləyib. Eyni zamanda, “İter Vitis Eutope” şərab marşrutun veb-saytını təqdim edib.
Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib. Ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.
Tədbirdə “İter Vitis Eutope” şərab marşrutu ilə Azərbaycan Turizm Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb.
Tədbir çərçivəsində, eyni zamanda, Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treninqlər keçirilib.
Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib.
“İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir.
Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.