Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi vacib hesab edilir. Fəallaşdırılma çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının yaranma tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.
Toxuculuq
Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləcəklər. Burada nümayiş etdiriləcək bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.
Sərginin kiçik bir hissəsi əl işi olan milli zərgərlik məmulatlarına ayrılmışdır. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.
Bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir.
İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.
Türkmənistanın Toxuculuq Sənayesi Nazirliyi və Azərbaycan Xalça Muzeyi Bakının bütün sakinləri və qonaqlarını türkmən xalqının zəngin mədəni irsi ilə əyani surətdə tanış olmaq üçün əllə toxunan türkmən xalçaları, milli zərgərlik əşyaları və Türkmənistanın tekstil sənayəsi məhsullarından ibarət sərgiyə dəvət edir.