Son 2 ildə bir çox iqtisadi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, beynəlxalq layihələr Azərbaycanın iqtisadi durumunu daha da gücləndirib:
“Rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Ancaq buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarır. Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Sözügedən layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tiflis-Qars layihəsi artıq reallaşıb və qarşıdakı ildə TAP layihəsinin həyata keçirilməsini gözləyirik”.
Politoloq bildirib ki, son illər kənd təsərrüfatı sahəsində gedən inkişaf iqtisadiyyatımıza çox müsbət təsir edir:
“Kənd təsərrüfatının müxtəlif sahələrində aparılan işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir. Hesab edirəm ki, bu gəlirlər ölkə iqtisadiyyatına çox müsbət təsir edəcək”.